Misli Premyer Liqasında çıxış edən daha bir klub baş məşqçisi ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan"ın son oyunlardakı nəticəsi rəhbərliyi qane etmir.

Naxçıvan təmsilçisi çempionatdakı son altı qarşılaşmanın yalnız birində qələbə qazana bilib. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv autsayder "Karvan-Yevlax"ı 2:1 hesabı ilə üstələyib.

Son altı matçın üçündə bərabərə qalan "Araz-Naxçıvan" ikisində məğlubiyyətlə üzləşib.

Komanda Azərbaycan Kubokunun 1/8 finalında və Misli Premyer Liqasının XIV turunda "Kəpəz"lə üz-üzə gələcək. Naxçıvanlılar bu oyunların hər hansı birində qələbə qazanmasa, baş məşqçi Elmar Baxşıyev istefaya göndəriləcək.

Qeyd edək ki, Misli Premyer Liqasının cari mövsümündə indiyədək üç baş məşqçi ayrılığı reallaşıb. "Kəpəz" Adil Şükürovla, "Karvan-Yevlax" Azər Həşimovla, "Neftçi" isə Samir Abasovla vidalaşıb.