Mövsümün sonuna təxminən iki ay qalmasına baxmayaraq artıq "Neftçi"dən ayrılacaq bəzi futbolçuların adları artıq məlumdur. Bu barədə "Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

Ötən yay böyük ümidlərlə paytaxt təmsilçisinə dəvət olunan Alessio Kurçi, Cordan Rezabala, Luis Ortis və Sessi Dalmeyda cari "futbol ili"nin sonunda yola salınacaq. Rəhbərlik, xüsusilə də "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub adını qeyd etdiyimiz oyunçuların performansından narazıdır. Ukraynalı mütəxəssis bu barədə artıq rəsmiləri məlumatlandırıb. O, "Neftçi"də qalıb işini davam etdirəcəyi təqdirdə bu futbolçuları komandasında görmək istəmir.

 

Qeyd edək ki, 24 turdan sonra aktivində 34 xal olan "Neftçi" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.