"AFFA-nın strategiyası hazırlanarkən hədəflər istiqamətində müzakirə olunan fikirlər dəyərlidir, yüksək qiymətləndirirəm". Bu sözləri Sport24.az saytına açıqlamasında II Liqada mübarizə aparan "Dinamo"nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov deyib.
AFFA-nın yeni strategiyasından danışan mütəxəssis futbolumuzun dünya arenasında layiqli yerini tutması üçün əsas şərtlərdən biri olacağını açıqlayıb:
"Düşünürəm ki, bu məsələnin həll olunması 2025-2028-ci illər üçün nəzərdə tutulan futbolun inkişafı ilə bağlı strategiyanın hazırlanması üçün çox gözəl şansdır. Sözsüz bunların həyata keçirilməsi çox yaxşı olar. İnanıram ki, gələcəkdə Azərbaycan futbolunun dünya arenasında layiqli yerini tutması üçün əsas şərtlərdən biri olacaq".
Seyidov AFFA-nın bu layihəsində Azərbaycan futbolunun inkişafı ilə bağlı lazım olan bütün şərtlərin qeyd olunduğunu bildirib:
"AFFA-nın inkişaf strategiyası: A. AFFA rəhbərliyinin ön sözü, B. Strateji baxış, C. Strateji istiqamətlərin icmalı, D. Mövcud vəziyyətin icmalı, E. Strateji istiqamətlərin təfərrüatları, F. Əsas layihələrin siyahısı. Bu, çox böyük bir layihədir. Bu layihədə Azərbaycan futbolunun inkişafı ilə bağlı lazım olan bütün şərtlər nəzərə alınıb. 70 səhifədə bütün istiqamətlərlə bağlı xülasə qeyd edilib".
O, qurum rəhbərliyinə yeni təkliflərlə müraciət edəcəyini də vurğulayıb:
"Mən AFFA-nın bu məsələni futbol ictimaiyyəti ilə müzakirəyə çıxarmasını yüksək qiymətləndirirəm. Bir sıra nüanslar var ki, yenidən öz təkliflərimizlə əlaqədar yaxın günlərdə assosiasiya rəhbərliyinə məktubla müraciət edib, 1-2 təklifimizin nəzərə alınmasını xahiş edəcəyik. İnanıram həmin təkliflər də yeni hazırlanan strategiyada nəzərə alınacaq. Futbolumuzun inkişafı üçün böyük töhfə verə bilər".