Bu gün Misli Premyer Liqasının IX turunda mərkəzi qarşılaşma keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı qəbul edəcək.
Mərdəkandakı "Sabah Arena"da keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Komandalar indiyədək Premyer Liqada 30 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 15-də Ağdam təmsilçisi, 4-də isə Bakı klubu meydanı 3 xalla tərk edib. Daha 11 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var – 54:30.
Maraqlı məqam isə "Qarabağ"ın son vaxtlar bu rəqibə qarşı qələbə qazana bilməməsidir. Ağdam təmsilçisi Premyer Liqada "Sabah"la son 6 qarşılaşmada qalib gələ bilməyib. Azərbaycan Kuboku da nəzərə alınmaqla, "Qarabağ"ın qələbəsiz seriyası 9 oyuna çatıb.
"Köhlən atlar"ın "Sabah" üzərində son qələbəsi 2024-cü ilin sentyabrında qeydə alınıb. Həmin görüşdə Ağdam klubu 3:2 hesabı ilə qalib gəlib.
"Sabah" son 10 matçının hamısında rəqib qapısına yol tapıb.