"Xankəndi" klubu son günlər klubda maliyyə problemlərinin yaşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Bu barədə Sport24.az-a bölgə təmsilçisindən məlumat verilib.

Klubun rəsmi açıqlamasında həmin məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.

Bildirilib ki, komanda təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq Birinci Liqadakı debüt mövsümünə hazırlaşır və bütün işlər plan üzrə davam etdirilir.

Açıqlamada qeyd olunub ki, hazırda transfer prosesi davam edir. Eyni zamanda, Futbol Akademiyasının aşağı yaş qrupları üçün seleksiya xarakterli seçimlər keçirilir. Yaxın günlərdə əsas komandanın təlim-məşq toplanışına da start veriləcək.

Klub həmçinin ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək üçün müvafiq dövlət qurumları ilə əməkdaşlığın və danışıqların davam etdiyini diqqətə çatdırıb.

Sonda vurğulanıb ki, klubda görülən bütün işlər və qəbul edilən qərarlar barədə ictimaiyyət rəsmi sosial media hesabları vasitəsilə mütəmadi məlumatlandırılır və bundan sonra da bütün yeniliklər operativ şəkildə açıqlanacaq.