Misli Premyer Liqasında yay transfer pəncərəsi əksər klublar üçün kifayət qədər fəal keçsə də, hələ də heyətinə yeni futbolçu qatmayan yeganə komanda var. Sport24.az-ın məlumatına görə, bu, "Kəpəz"dir.

Gəncə təmsilçisi yay fasiləsində Azər Məmmədovu baş məşqçi postuna gətirib, Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb. Lakin klub hələlik yeni transfer reallaşdıra bilməyib və komandada bəzi oyunçuları taleyi qeyri-müəyyəndir.

Redaksiyamıza daxil olan məlumata əsasən, "Kəpəz" bir neçə legioner futbolçu ilə danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb.

Buna əsas səbəb isə klubun transfer siyasətində maliyyə yükünü azaltmağa üstünlük verməsidir. "Sarı-göylər" büdcəni aşağı saldığı və legionerlər üçün maaş limitini azaltdığına görə bir çox futbolçu təklif olunan şərtlərlə razılaşmır.

Bu səbəbdən Gəncə təmsilçisi transfer bazarında arzuladığı oyunçuları heyətinə cəlb etməkdə çətinlik yaşayır.