"Neftçi" öz veteranlarının klub tarixindəki xüsusi yerini və xidmətlərini hər zaman yüksək qiymətləndirib və buna davam edir. Klubumuzun zəngin tarixinin formalaşmasında əməyi olan şəxslərə hörmət və diqqət "Neftçi"nin dəyərlərinin ayrılmaz hissəsidir. Bu istiqamətdə mütəmadi işlər də görürük".

 

Bu sözləri Sport24.az-a "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

 

Klub rəsmisi veteran futbolçulara göstərilən diqqət, onların irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışıb:

 

"Neftçi"nin ev oyunlarında veteran futbolçularımıza biletlər adi tribunadan deyil, skybokslardan təqdim olunur. "Sabah"a qarşı keçirilən qarşılaşmada da veteranlarımız oyunu məhz onlar üçün ayrılmış skyboksdan izləyiblər. Bununla yanaşı, veteran futbolçularımızla klub rəhbərliyi səviyyəsində görüşlər tez-tez keçirilir. Son 2 ildə 10-dan çox veteranımızın yubileyi ya stadionda ev oyunlarımız ərəfəsində, ya da klub ofisində qeyd edilib. Onlar bazaya dəvət olunublar, fikir mübadiləsi aparılıb, onların təklif və düşüncələri dinlənilib".

 

Klub rəsmisi bildirib ki, veteranların irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında "Neftçi TV" də yaxından iştirak edir:

 

"Klub televiziyasında hər ay yenisi yayımlanan "Əfsanələr" rubrikasında veteran futbolçularımızın həyat və karyera yolu işıqlandırılır, onların Azərbaycan futboluna və "Neftçi"yə verdiyi töhfələr diqqətə çatdırılır. Bizim tariximiz yalnız keçmiş uğurlardan ibarət deyil. Bu tarixə imza atan insanlar da "Neftçi"nin ayrılmaz hissəsidir. Onların təcrübəsinin və irsinin gənc futbolçulara ötürülməsi, klubun ənənələrinin yaşadılması vacib hesab etdiyimiz istiqamətlərdəndir və başqa cür ola da bilməz".