"Mən artıq buraya uyğunlaşmışam. Bu prosesi keçmişəm. Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Vensan Abubakar deyib.
Türkiyəli jurnalist Ertem Şenerin suallarını cavablandıran təcrübəli hücumçu ilk növbədə yeni komandası haqqında danışıb:
"Kollektivimiz təzədir. "Neftçi"yə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Daha əvvəlki klublarda necə mübarizə aparmışamsa, burada da komandanın uğuru üçün var gücümlə çalışacağam".
O, "Neftçi"yə gəlişinin səbəbini də açıqlayıb: "Bu kluba gəlməmişdən əvvəl həm baş icraçı direktor Cenk Sümerlə, daha əvvəl bu ölkədə işləmiş Çağlarla görüşdüm. Mənə komanda haqqında xoş sözlər dedilər. Böyük bir klub olduğunu bildirdilər. Cenk Sümeri "Beşiktaş"da çıxış etdiyim dönəmdən tanıyırdım. Bu da qərarımı asanlaşdırdı".
Abubakar Azərbaycan çempionatı barədə də danışıb: "Premyer Liqa kənardan asan görünə bilər. Amma əslində heç də elə deyil. Çətin bir çempionatdır. Azərbaycan isə çox gözəl ölkədir. Buradakı insanlar futbol mövzusunda çox hörmətlidirlər. Təşkilatçılıq çox yaxşıdır".