Veteran futbolçu, hazırda "Şamaxı"nın aşağı yaş qruplarının koordinatoru Vəli Qasımov Sport24.az-a müsahibə verib. Təcrübəli mütəxəssis həm ölkə futbolunda son dönəmdə yaşanan dəyişiklərə münasibət bildirib, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.


- AFFA-dakı son dəyişiklikdən nə gözləyirsiz?
- Rövşən bəyi prezident seçilməsi münasibətiylə təbrik edirəm.
Futbolumuzda dəyişiklər üçün yeni rəhbərliyə vaxt lazımdı. Fikrimcə, müəyyən dönəmdən sonra indiki rəhbərliyin işini qiymətləndirmək olar.


- Sizcə, yeni rəhbərlik üçün hansı sahə prioritet olmalıdı?
- Yeni prezident ilk çıxışında uşaq futbolunun inkişafının vacibliyinə toxunub. Məncə də uşaq futbol
una xüsusi həssaslıqla yanaşılmalıdı. Klublar uşaq futbolunu inkişaf etdirməlidi. Həmin uşaqlar bizim gələcəyimizdi. Hamımız Azərbaycan uşaq futbolunun inkişafı naminə əlimizdən gələni etməliyik.


- Sabiq klubunuz "Neftçi"nin hazırkı durumu ilə bağlı fikilərinizi bilmək istərdik...
- Hazırda "Neftçi" ilə bağlı xoş sözlər demək olmur. "Ağ-qaralar"ın işi qəlizdi. Mən də daxil əksər veteranların yolu bu klubdan keçib. Komanda bir oyun yaxşı oynayıb qələbə qazanır, 3-4 qarşılaşmada uğursuzluğu ilə diqqət çəkir. İstənilən halda "Neftçi" adına, tarixinə uyğun çıxış etmir.


- Miodraq Bojoviç Rusiyada, Serbiyada çalışmış təcrübəli mütəxəssisdi. Ancaq nədənsə, hələ ki Premyer Liqada özünü göstərə, ağırlığını qoya bilmir. Sizcə, monteneqrolu mütəxəssis getməlidi yoxsa növbəti mövsümdə də ona güvənmək lazımdı?  
- Bojoviçi yaxından tanımıram. Amma inanmıram ki, burda uğur qazansın. Onun gəlişindən sonra "Neftçi"də müsbət dəyişiklik görmürəm.


- Necə düşünürsüz, "ağ-qaralar"ın "sükanı arxasına" yerli məşqçi keçsə, bu kollektivlə uğur qazana bilər?
- "Neftçi"də ciddi dəyişikliklər olmalıdı. Rəhbərliyin işə yanaşması dəyişməlidi. Yerli məşqçilərimizin uğurları göz önündədi.  Savadlı mütəxəssislərimizə güvənmək,  "flaqman"a dəvət etmək lazımdı. Onlar əcnəbilərdən daha çox faydalı olarlar.



- Deyirlər ki, "Neftçi"də işləmək o qədər də asan deyil. Siz də vaxtilə "ağ-qaralar"ın "sükanı arxasında" olmusuz. Söylənilənlərlə bağlı sizin də fikrinizi bilmək maraqlı olardı...
- Bizim həyatımız top kimidi.
Əvvəlcədən bilmək olmur, hara fırlanıb düşəcəyik. Hazırda "Şamaxı"nın akademiyasında çalışıram. Burda olmaqdan xoşbəxtəm.


- "Şamaxı"da əsas "Axilles dabanı" sponsorun olmamasıdı…
- Bu məsələ klubumuzda çalışan hər kəsi narahat edir. Rəhbərlik əlindən gələni edir ki, kluba maddi dəstək olan şirkət, iş adamı tapılsın.



- Sona 5 tur qalıb. Çempionatın əvvəlində qarşınıza çempion olub, elitaya yüksəlmək hədəfi qoyulmuşdu. Bu gün hədəfə nə dərəcədə yaxınsız?
- Qələbə qazanmalı olduğumuz bəzi oyunlarda vacib xallar itirdik. O xallar itirilməsəydi bu gün turnir cədvəlində vəziyyət başqa cür olacaqdı. Özümüzü bir qədər çətin vəziyyətə saldıq. Buna baxmayaraq, iddiamızdan əl çəkməmişik, sona qədər mübarizə aparacağıq.


ABDULLA İSMAYILOĞLU