"Araz-Naxçıvan"ın əsas futbolçularından biri  Miço Kuzmanoviçdi. Yüksək texnikaya malik bosniya və hersoqovinalı vinger istər sabiq baş məşqçi Azər Bağırovun, istərsə də hazırda komandanın "sükanı arxasında" olan Elmar Baxşıyevin güvəndiyi oyunçulardandı.  "Zirə" ilə matçda da meydanda ən fəallardan biri olan yarımmüdafiəçi ilə söhbətləşməyi lazım bildik. Kuzmanoviç Sport24.az-a müsahibəsində komandasının durumu barədə danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.


- Sənə elə gəlmir ki, "qara zolaq" bir az uzun çəkdi. Səbəb nə idi?
- Motivasiyamızda problem yaşayırdıq. Ona görə də komandada ruh düşkünlüyü höküm sürürdü. Ardıcıl uğursuz nəticələr bizi bir qədər də pessimizmə sürükləyirdi. Artıq toparlanmaqdayıq. Yeni məşqçimiz var, bu fərqli motivasiya deməkdi. Müdafiədəki boşluqlarımızı da aradan qaldırmışıq. Fikrimcə, çempionatın son turlarında daha yaxşı çıxış edəcəyik.


- Elmar Baxşıyev gəlişiylə nələri dəyişdi?
- Baxşıyev gəldikdən sonra məşq prossesində müəyyən dəyişikliklər etdi. Həmçinin bizə psixoloji dəstək oldu. Gələcəkdə onun futbol fəlsəfəsini daha yaxşı mənimsəyəcəyik.


- Qarşıdakı 4 tur haqqında nə düşünürsən?
- Yeni məşqçimizə bütün potensialımızı göstərməliyik. Bunun üçün son 4 oyunda maksimum nəticə qazanmağa fokuslanacağıq.


- Premyer Liqada ilk mövsümünü keçirirsən. Çıxışından razısan?
- Özüm barədə çox danışmaq istəməzdim. Qısaca deyim ki, meydanda maksimum güc və bacarığımı ortaya qoymağa çalışıram.



- Bosniya və Hersoqovina ilə Azərbaycan futbolunun arasında nə kimi fərq var?  
- Çempionatın keyfiyyəti demək olar eynidi. Sadəcə, sizdə yaxşı stadionların sayı çoxdu, təşkilatçılıqda da bizi müəyyən qədər üstələyirsiz.


- Bəs ölkələr arasında?
- Ölkənizdə siyasi, ictimai sabitlikdi. Futbol oynamaq üçün burda yaxşı şərait var. İnsanlarınız mehriban, möhtəşəm, qayğıkeşdi. Zəngin təbiətiniz var. Mətbəxinizdə də dadlı təamlar çoxdu. Bosniya mətbəxi ilə oxşarlıq var. Qısası, özümü Azərbaycanda xoşbəxt hiss edirəm.



- Milli mətbəximizdan hansı yeməyi sevirsən?
- Kabablarınızı xüsusilə bəyənirəm. Favoritim isə quzu kababıdı.


- Azərbaycanda uzun müddət futbol oynamaq və yaşamaq barədə düşünürsən?
- Vətənimdən bir qədər uzaqdayam.
Yəni, məsafə fərqi var. Amma ümumən götürəndə, Azərbaycan futbol oynamaq və yaşamaq üçün gözəl ölkədi.

ABDULLA İSMAYILOĞLU