"Mövsümün ən vacib oyunlarından birinə çəxmışdıq. Elitada qalmaq məsələsini 90 faiz həll etsək də, tam rəsmiləşdirmək istəyirdik. Şükürlər olsun ki, Qəbələ səfərindən üzüağ qayıda bildik. Artıq "qırmızı-qaralar"la oyunu unudub qarşıdakı 4 tura köklənməliyik. 9-cu yerlə kifayətlənmək fikrində deyilik. Çalışacağıq ki, "Araz-Naxçıvan"ı arxada qoyaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in üzvü Əli Səmədov deyib.


Gəncə futbolunun yetirməsi saytımıza açıqlamasında gələcək planlarından da söz açıb: "Qəbələ"ni məğlub etsək də, buna həm sevinir, həm də kədərlənirik. Onsuzda bölgə təmsilçilərimiz azdı. "Qırmızı-qaralar"ın elitayla vidalaşması çempionatımıza və ölkə futboluna təsirsiz ötüşməyəcək. Məndən olsa komanda sayı artmalıdıdı, özü də bölgə klublarının hesabına. Növbəti mövsümü harda çıxış etməyimə gəlincə, mən gəncəliyəm və futbola da ilk addımlarımı doğma şəhərimdə atmışam. Çox istərdim "Kəpəz"də qalım. Amma baş məşqçimizin qərarından çox şey asılıdı. Çempionat bitəndən sonra bu barədə danışığımız olacaq".

 

Qeyd edək ki, XXXII turdan sonra "Kəpəz" 34 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

POLAD AZƏR