Mövsümün əvvəlində "Turan Tovuz" çempionluğa oynayacağını elan etdi.

Üç tur sonra isə ortada bir komanda yox, böyük sözlərin yaratdığı böyük xəcalət var. 270 dəqiqəni əhatə edən top-top və bir qol.

Bu statistikanı oxuyanda ilk ağla gələn sual budur: çempionluğa kim oynayır? Çünki "Turan Tovuz" hələlik çempionluğa oynayan komandaya yox, Premyer Liqada nəsə təsadüfən alınsın deyə, meydana çıxan kollektivə oxşayır. Ən acınacaqlısı da budur ki, məsələ yalnız nəticədə deyil. Komandanın sərgilədiyi futbolda heç bir işıq görünmür. Nə hücum quruluşu var, nə sürət, nə yaradıcılıq, nə də rəqibi məcbur edən oyun. Top futbolçunun ayağına düşəndə növbəti epizodun necə inkişaf edəcəyini təxmin etmək mümkün deyil. Çünki görünən bir plan yoxdur. Sanki taktika da, ideya da, məsuliyyət də paltardəyişmə otağında qalıb.

Kurban Berdıyev gələndən bu komandanın futbolu ilə bağlı narazılıqlar var. Ona vaxt verildi, səbir göstərildi. "Təcrübəli məşqçidir, düzəldəcək" deyildi. Nəyi düzəltdi? Bu gün "Turan Tovuz"un əvvəlkindən daha yaxşı oynadığını söyləmək üçün hansı fakta söykənməliyik? Üç turda bir qol? Yoxsa "Kəpəz"ə qarşı göstərilən futbol?

Gəncədə 0:1 hesablı məğlubiyyətdən sonra tovuzlu azarkeşlərin Berdıyevin istefasını tələb etməsi artıq vəziyyətin tribunaya da keçdiyini göstərdi. Həm Azərbaycan, həm rus dilində istefa şüarları səsləndi.

Azarkeş nə istəyir? Çox şey yox. Komandasının baxımlı futbol oynamasını. Amma görünür, bu, "Turan Tovuz" üçün hazırda həddindən artıq böyük tələbdir. Çempionluq söhbətinə kimlər inanır?

İndi gəlib mövsümün əvvəlində deyilənlərə baxaq. Ehtiram Quliyev çempionluqdan danışırdı. Bu gün həmin açıqlama artıq ambisiyalı yox, reallıqdan tamamilə qopmuş bəyanat təsiri bağışlayır. Çünki çempionluq iddiası ilə meydana çıxan komandanın üç turda bir qol vurması sadəcə, zəif başlanğıc deyil. Bu, klubun hədəfi ilə gördüyü iş arasında ciddi vakuumun göstəricisidir.

Çempionluq istəyən klub əvvəlcə çempionluğa uyğun komanda qurmalıdır. Sonra ona uyğun məşqçi seçməlidir. Sonra oyun modeli yaratmalı və nəticə gəlməyəndə qərar verməyi bacarmalıdır.

"Turan Tovuz"da isə böyük ehtimalla ən rahat hissə seçilib: çempionluq demək. Qalanı isə görünmür. Rəhbərlik niyə susur? Əsas məsələ də budur. Ehtiram Quliyev komandanın oyunundan narazıdırsa, niyə qərar yoxdur? Nədən və kimdən qorxur? Berdıyevə inanırsa, niyə bu inamın səbəblərini ortaya qoymur?

Əgər "hər şey qaydasındadır" düşünürsə, bunu azarkeşə kim izah edəcək? Çünki rəhbərliyin susması vəziyyəti düzəltmir. Əksinə, sualları artırır. Baş məşqçi tribunadan istefa şüarları eşidir. Komanda qol vura bilmir, oyun yoxdur. Çempionluq hədəfi ilə reallıq arasında dərin uçurum yaranıb. Amma rəhbərlik hələ də sanki heç nə baş verməyibmiş kimi davranır. Bu, idarəçilik deyil. Bu, problemin qarşısında dayanıb onun öz-özünə yox olmasını gözləməkdir.

Bəs Nəsimi Paşayev? Burada daha bir ciddi məsələ ortaya çıxır. İdarə Heyətinin üzvü Nəsimi Paşayevə klubda geniş səlahiyyətlər verildiyi bildirilir. Əgər səlahiyyət böyükdürsə, məsuliyyət də böyük olmalıdır. Ancaq nə görürük? Paşayev "Turan Tovuz"a gələndən hansı "özfəaliyyətlə" yadda qaldığını ölkə futbolu ilə maraqlananların hamısı bilir. Yersiz bəyanatlarla klubu xərcə salan, klub prezidentini üzr istəməyə vadar edən bu şəxsin "qəhrəman"lığına növbəti yazılarımızda toxunacağıq. Klubda hər şey yaxşı gedəndə hamı uğurun içində görünürsə, işlər tərsinə dönəndə "mənlik deyil" yanaşması qəbul edilə bilməz. Son illərin fəaliyyəti ayrıca müzakirə mövzusudur və bu barədə daha geniş suallar vermək mümkündür.

Amma bu yazı üçün bir sualla kifayətlənirik: "Turan Tovuz" hara gedir? Çünki klubun iddiası bir, meydandakı futbol isə tamamilə başqa istiqaməti göstərir. Berdıyev də artıq bəhanə deyil. Berdıyevin böyük adı, təcrübəsi ola bilər. Keçmişdə qazandığı uğurları da heç kim unutmayıb. Amma bunların heç biri "Turan Tovuz"un bugünkü futbolunu yeni pilləyə yüksəltmir. Futbol məşqçinin CV-si ilə yox, meydanda oynanılır. Meydan isə Berdıyevin müdafiəsinə qalxmayıb.

Əksinə, hər həftə yeni sual verir. Baş məşqçinin komandası niyə bu qədər steril oynayır? Niyə hücumda bu qədər qısırdır? Niyə üç oyunda cəmi bir qol var? Niyə azarkeş artıq istefa tələb edir? Əgər cavab yenə "vaxt lazımdır" olacaqsa, onda soruşmaq lazımdır: nə qədər vaxt? Mövsüm bitənə, çempionluq şansı itənə qədər? Azarkeş tribunaya gəlməyənə qədər? Bu, sadəcə üç uğursuz tur deyil. "Turan Tovuz" indi çox təhlükəli mərhələdədir.

Çünki zəif nəticə bir yana, komandanın gələcəyinə dair nikbin fikir səsləndirmək mümkün deyil. Bu, daha ciddi problemdir. Uduzmaq, heç-heçə etmək futbolun bir parçasıdır. Hətta bəzən zəif oynamaq da mümkündür. Amma həftələr, aylar, illər ərzində komandanın nə oynamaq istədiyinin bilinməməsi artıq faciədir, azarkeşin hiss ilə oynamaqdır.

"Turan Tovuz"un bu gün ən böyük problemi tabloda əks olunan hesab deyil. Problemi odur ki, hesabdan sonra danışmağa söz tapılmır. Mövsümün əvvəlində çempionluq deyən klub rəhbərliyi üç tur sonra azarkeşinə "səbir edin" deməyə məcburdursa, deməli, kimlərsə hardasa çox ciddi səhvə yol verib, sadəcə etiraf etməyə cəsarəti çatmır. İndi rəhbərlik seçim qarşısındadır. Ya Berdıyevin arxasında dayanıb bunun səbəbini və planını açıq şəkildə izah etməli, ya da baş məşqçi ilə bağlı qərar verməlidir. Amma heç nə etmədən oturmaq mümkün deyil. Çünki çempionluq susmaqla qazanılmır. Böyük klub olmaq da böyük adları gətirməklə bitmir. Əsas məsələ həmin adların arxasında futbol yaratmaqdır. "Turan Tovuz"da isə hazırda böyük olan yalnız sözlərdir. Meydan isə çox kiçik bir həqiqət deyir: Üç tur – bir qol – sıfıra yaxın ümid.

Çempionluq hədəfi?

Hələlik bu, futbol layihəsindən çox uğursuz reklam şüarına bənzəyir. Və rəhbərlik nə qədər tez bunun fərqinə varsa, bir o qədər yaxşıdır. Çünki bu cür yanaşma davam edərsə, mövsümün sonunda "niyə çempion olmadıq?" sualını verməyə belə ehtiyac qalmayacaq. Çünki bu oyunla "Turan Tovuz"un çempionluğa yaxınlaşması yox, həmin iddiadan uzaqlaşması daha real görünür....