PSJ-nin baş məşqçisi Luis Enrike "Qızıl top" mükafatının mümkün qalibi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, İspaniyalı mütəxəssis hesab edir ki, ötən mövsüm Çempionlar Liqasını qazanan Paris klubunun futbolçularından biri bu mükafata layiqdir:

"Qızıl top"u kimin qazanacağı ilə maraqlanmıram. Amma düşünürəm ki, mükafat PSJ-nin futbolçusuna verilməlidir. Hər şeyə sahibik. Çempionlar Liqasını qazanan oyunçularımız var. Dünya çempionu olan Fabian Ruis komandamızdadır. Ötən mövsüm "Qızıl top"u qazanan Usman Dembele də bizim futbolçumuzdur. Bu, sadəcə mənim fikrimdir. Fərdi mükafatlarla maraqlanmıram".

Mütəxəssis Usman Dembeleden fərqli, daha çox oyun vaxtı istəyən Bredli Barkolanın komandadan ayrılmasını da şərh edib:

"Barkolanın vəziyyəti mənim üçün fərqlidir. O, Parisdə möhtəşəm inkişaf etdi və komandamızın yüksəlişinə böyük töhfə verdi. Daha çox oynamaq istəyirdi və mən ona bunu təmin edə bilməzdim. Nəticədə düşünürəm ki, hər kəs vəziyyətdən razıdır. Ona gələcək karyerasında ən yaxşısını arzulayıram".

Enrike Çempionlar Liqasında ardıcıl üçüncü dəfə qalib gəlmək istəyini də gizlətməyib:

"Ən vacib titulları qazanmaq istəyirəm və Çempionlar Liqasından daha böyük kubok yoxdur".

Enrike sabah "Monako"ya qarşı keçiriləcək görüşdə qələbənin əsas məqsəd olduğunu vurğulayıb:

"Çox yaxşı oyun göstərmək və qalib gəlmək istəyirik. Ötən mövsüm "Monako" ilə keçirdiyimiz oyunlar yaxşı xatirələr yaratmadı. Sabah azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. İlk üç xalı qazanmağa çalışacağıq".

Qeyd edək ki, PSJ – "Monako" qarşılaşması sentyabrın 4-də keçiriləcək. Paris təmsilçisi bu mövsüm Liqa 1-də ilk iki turda "Renn" və "Lill" ilə heç-heçə edib. "Monako" isə iki oyundan altı xalla turnir cədvəlinə başçılıq edir.