"Real"ın baş məşqçisi Joze Mourinyo "Betis"lə oyun öncəsi mətbuat konfransında Marko Asensionun vəziyyətinə toxunub. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçunun son dönəmdə yol verdiyi səhvlərlə bağlı sərt fikirlər səsləndirib:

"Hamı səhv edir. Amma səhvləri bir-birinin üzərinə yığmaq tamam başqa məsələdir. Futbolçu 24 saat, həftənin 7 günü və ilin 12 ayı "Real" oyunçusudur. Futboldan kənarda etdiyiniz hər şey də bu klubla bağlıdır. Klubun nüfuzuna zərər vurmaqda davam edən məsələlər var. Bundan məmnun deyiləm".

Baş məşqçi Asensionun peşəkarlığını da qeyd edib:

"Valdebebasda peşəkarlığı ilə seçilirdi. Məşqlərdə ondan daha çox çalışan futbolçu görməmişəm. İndi də məşqə ilk gələn və sonuncu gedən odur".

Mourinyo əlavə edib ki, klub Asensionun vəziyyəti ilə bağlı araşdırma başladıb və proses davam etdiyi müddətdə futbolçunu "Real"ın oyunçusu hesab edir. Bununla yanaşı, Asensionun zədə səbəbindən bir neçə həftə də meydana çıxa bilməyəcəyi bildirilib.