"İki yoldaşlıq oyunu keçirmişik. Yeni mövsümə hazırlıq üçün vaxtımız çox az idi". Sport24.az xəbər verir ki, bu sözləri "Mingəçevir"in baş Məşqçisi Elman Sultanov deyib.

Təcrübəli mütəxəssis yeni mövsüm öncəsi hazırlıq prosesi, komandanın formalaşması və qarşıya qoyulan hədəflər barədə danışıb:

"Ümumi götürsək hazırlıq prosesi pis keçmədi. Mingəçevir futbol şəhəridir. Burada futbola həmişə böyük maraq olub. Məni komandaya baş məşqçi təyin edəndə çempionatın başlamasına çox az vaxt qalmışdı. Biz gənc komandayıq. İstəyirik ki, yaxşı futbol nümayiş etdirək və bütün şəhər bu komanda ilə fəxr etsin. Kollektiv yeni formalaşdığı üçün turnir cədvəlinin orta pillələrində qərarlaşmaq bizim üçün çox vacibdir. Hazırda əsas məqsədimiz budur. Heyətdəki futbolçuların orta yaş həddi təxminən 20-24 arasındadır. Yeni klubda komanda ruhunun dərhal formalaşması mümkün deyil. Bu da hər oyunla, hər məşqlə daha da möhkəmlənəcək. Ümid edirik ki, komanda çempionatda yaxşı futbol nümayiş etdirəcək və azarkeşlərini sevindirəcək".

Qeyd edək ki, "Mingəçevir" Birinci Liqanın ilk turunda "Zaqatala" ilə qarşılaşacaq.