Misli Premyer Liqasının XIII turunun ilk oyun gününə Tovuzda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "Neftçi"ni qonaq edir.

 

Hazırda aktivində 23 xal olan meydan sahibləri turnir cədvəlinin ikinci pilləsində qərar tutub. Heç şübhəsiz ki, "boz qurdlar"ın əsas məqsədi bu günkü matçdan da 3 xalla ayrılıb azarkeşlərini sevindirməkdir. Qonaqlar isə bu matça dönüş nöqtəsi kimi baxır. Həftəiçi baş məşqçi Samir Abasovu göndərən "ağ-qaralar" liderlər qrupundan uzaq düşməmək üçün səfərdən qələbə ilə dönməyi planlaşdırır. Paytaxt təmsilçisi hazırda tovuzlulardan 8 xal geridə olmaqla 8-ci yerdədədir. Qonaqların bu gün Sənan Qurbanovun rəhbərliyi altında meydana çıxacaqlarını da vurğulamaq lazımdır.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XIII tur

18:30. "Turan Tovuz" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Tovuz. Şəhər stadionu