"Turan Tovuz" Misli Premyer Liqasının son turunda "Səbail" ilə heç-heçə etdi (1:1). Oyundan sonra tvuzluların yeganə qolunun müəllifi Faiq Hacıyev Sport24.az-a müsahibə verib.

 

- İlk olaraq, "Səbail" ilə oyunla bağlı fikirlərini bilmək istərdik...

- "Səbail"ə qarşı oyunun çətin keçəcəyini bilirdik. Gözlədiyimiz kimi oldu. Qələbə qazanmaq istəyirdik, alınmadı. Növbəti oyunlara hazırlaşacayıq.

 

- İlk hissədə sanki oyununuz alınmırdı. Fasilədən sonra nəyi dəyişə bildiniz?

- Rəqibimiz oyuna yeni məşqçinin rəhbərliyi altında çıxmışdı. Hansı sistemlə, necə oynayacaqlarını bilmirdik. İkinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək geridönüş edə bildik. 

 

- Necə düşünürsən, Kristian Silvanın penaltisi qolla nəticələnsəydi, hesab fərqli ola bilərdi?

- Penalti barəsində danışmaq çətindir. Futbolda belə hallar olur. Bəlkə də, qol olsaydı, yekun nəticə bizim xeyrimizə də olmaya bilərdi, uduzardıq...

 

- Avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?

- Çempionat uzun marafondu. İndi bu haqda nəsə demək çətindir. İnşallah, qələbələrimizin saylarını arıtırıb sonda istəyimizə çatarıq.

 

- Milli komandalara görə yaranan fasilə işinizə yarayacaq yoxsa...

- Fasilədən maksimum yararlanıb, qış fasiləsinə kimi bacardığımız qədər xallarımızı toplayıb ilk "üçlük"də qərarlaşmaq istəyirik.

 

- "Turan Tovuz"un əsas futbolçularından sayılırsan. Milli komandaya dəvət alacağını gözləyirdin?

- Hər bir futbolçu kimi mən də milli komandanın formasını geyinmək istəyirəm. Baş məşqçinin verdiyi qərardı. Hörmətlə yanaşıram.