"Premyer Liqada və ölkə kubokunda mövsüm bizim üçün yaxşı alındı". Bu sözləri Sport24.az-a "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.
24 yaşlı cinah oyunçusu Azərbaycan Kubokunda finala vəsiqə qazandıqlarını xatırladıb:
"Çox sevincli və şadıq. Avropa Liqasında bizim üçün uğursuz mövsüm oldu. Amma çalışacağıq ki, qarşıdakı mövsümdə bunu aradan qaldıraq və yeni nailiyyətlər əldə edək, yeni tarixlər yazaq. Mövsümün rahat keçdiyini deməzdim. Bizim də xal itirdiyimiz matçlar oldu. Ötən illərə nəzər salsaq, daha çox olduğunu görərik. Maraqlı çempionat keçdi".
Bayramov növbəti mövsüm UEFA Çempionlar Liqasındakı hədəflərindən söz açıb:
"Bu matçlara hələlik çox var. Qarşıda çempionatda bir, kubokda final matçımız var. Sonra milli komandaların yoldaşlıq görüşləri olacaq. Ondan sonra bu barədə düşünəcəyik".
O, "Sabah"a qarşı keçirəcəkləri final matçına hazırlaşacaqlarını söyləyib: "Qızıl dubl" etmək niyyətindəyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Hər hansı bir komandanın avrokuboka yollanması barədə düşünmürük. Sadəcə, qalib olmaq istəyirik".