"Fəridin dəvət olunacağını düşünürdüm. Çünki son zamanlar daha keyfiyyətli futbol oynayır. Komandanın aparıcı futbolçusu, lideridi. Son oyunları da göz qabağındadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis əsas futbolçularından olan hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyevin milli komandaya dəvət olunanacağını gözləyirmiş və bunun baş verməməsinə üzülüb: "Düşünürdüm ki, Fəridi yığmaya dəvət edəcəklər. Amma bu, baş vermədi və mənim üçün məyusedici bir haldır. Turnir cədvəlinin yeddinci pilləsindəyik. Amma son çıxışlarımız qənaətbəxş və ürəkaçandı. Komandanın oyunu da göz qabağındadı. Fəridin aparıcı futbolçumuz olaraq dəvət almasını gözləyirdim. Qərar isə yığmanın baş məşqçisinindir. Biz ona heç nə deyə bilmərik. Amma dəyər verilsəydi, Fəridin oyun keyfiyyətinə hamımız bələdik. Azərbaycanlıdır, dəvət alsaydı, ölkə futbolu adına atılan bir addım olardı".

Xatırladaq ki, 24 yaşlı Nəbiyev hələ ki əsas yığmamıza çağırılmayıb.

 

 

MEHMAN SÜLEYMANOV