"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sabah"la "sülh" (1:1) bağlayıb. Sport24.az xəbər verir ki, oyundan sonra ağdamlıların prezidenti Tahir Gözəl "Qarabağ"ın 12-ci çempionluğu ilə bağlı açıqlama verib:
"Hakimlərimizdən çox razıyam. Bu gün də çox gözəl, baxımlı oyun oldu. Hesab bərabərləşəndə bir az həyəcan keçirdik. "Sabah" da çox gözəl kollektivdir. "Qarabağ"da Qurban müəllimlə çox gözəl anlaşırıq. "Sabah"la kubok oyunundan sonra baş məşqçimizlə görüşüm olacaq. Onunla yeni transferlərlə bağlı müzakirələr aparacağıq.
Püşkün nəticəsini gözləyəcəyik. UEFA Çempionlar Liqasında çıxış etməyimiz sevindirici haldır. Qurban müəllim də bilir ki, mən bir prezident olaraq daim onun arxasındayam. Sponsorumuz "Azərsun Holdinq"ə təşəkkür etmək istəyirəm. Ötən il də gördüyünüz kimi, çox çətin rəqiblər düşmüşdü. Gözləyək, bu il kimlərlə qarşılaşacağıq.
Arzum odur ki, kubokun ən gözəl oyunu, şirlərin savaşı olsun. Möhtəşəm bir oyun gözləyirəm. Mən bilirəm ki, "Sabah" ora çox güclü gələcək. Çünkü onlar üçün avrokuboklara yollanmaq baxımından yeganə yol budur".