“Allaha şükür, komandamızda yaxşı şərait var və liqada 3-cü yerdəyik. Çempionatın sonuna 4 oyun qalıb. Bu pillədə qalsaq, Avropa Liqasına vəsiqə qazanacağıq. Ölkə kubokunda isə güclü “Qarabağ”ı məğlub edərək, finala yüksəldik və qalib olmaq şansımız var”. Sport24.az xəbər verir ki, bunu “Sumqayıt”ın iranlı futbolçusu Höccət Haqverdi deyib.

Ölkəsinin mətbuatına açıqlama verən 28 yaşlı mərkəz müdafiəçisi müqaviləsi cari mövsümün sonunadək olan “Sumqayıt”da qalıb-qalmayacağını müəyyənləşdirmədiyini söyləyib: “Hələ qərarımı verməmişəm, bütün diqqətimi növbəti matçlara yönətlmişəm. İranda olanda məqsədim daha yaxşı liqaya getmək idi və indi addım-addım irəliləyirəm. Hələ ki hər şey qaydasındadır və növbəti mövsüm üçün məni irəli aparacaq ən yaxşı qərarı verməyə çalışıram. İrandan və xaricdən təkliflərim var. Vəziyyətin necə olacağına baxmalıyam”.

Haqverdi “Persepolis”dən təklif gələrsə, cavabınız nə olar” sualını isə belə cavablandırıb: “Bu klubun təklifi digərlərindən fərqli olar. "Persepolis"i bəyənirəm, amma xüsusi bir şey hələ baş verməyib. Hələ bəlli deyil ki, mövsümün sonunda hansı təklifləri alacam. İndi bütün diqqətim yekun matçlaradı".

Höccət Azərbaycan və İran futbolunu da müqayisə edərək, ölkəsindəki yeganə üstünlüyün fiziki güc olduğunu bildirib: “İran futbolu fiziki cəhətdən daha yaxşıdır. Bu da İranda meydançaların qazunun pis olmasından qaynaqlanır. Buna görə komandalar əsasən fiziki gücə üstünlük verirlər. Azərbaycanda futbol taktiki cəhətdən daha yaxşı və intizamlıdır. Komandalar yaradıcı futbol oynamağa çalışır. Azərbaycan Premyer Liqasında daha keyfiyyətli əcnəbi futbolçular var. Ümumiyyətlə, bu ölkədə futbol daha inkişaf etmiş və peşəkardır”.