"Nihat Əhmədzadə hələlik U-21 milli komandanın düşərgəsindədir. Bu məlumatın haradan əldə olunduğundan xəbərim yoxdur".

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

 

"Gənclik şəhəri" təmsilçisinin rəsmisi Nihad Əhmədzadənin əvəzedici heyətə göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirib:

 

"Nihat komandaya qoşulduqdan sonra onun əsas komandada, yoxsa əvəzedici komandada çıxış edəcəyi müəyyənləşəcək. O, ehtiyac yarandığı zaman əvəzedici komandaya göndərilən futbolçulardan biridir. Əgər ikinci komandaya göndərilərsə, bu, baş məşqçinin qərarı olacaq. Maaş məsələsinə gəlincə, yayılan məlumat tamamilə həqiqətə uyğun deyil. Klubumuzun yetirməsi olan və 10 yaşından komandamızda çıxış edən futbolçu ilə bağlı hər hansı prinsip məsələsinin olması mümkün deyil. Bir daha qeyd edirəm ki, Nihatın əvəzedici komandaya göndərilməsi halında bu, komandanın baş məşqçisi Filipe Kandidonun qərarı olacaq. Klub prezidentinin Nihatla bağlı hər hansı tapşırığı yoxdur".

 

Qeyd edək ki, "Sumqayıt" klubunun və U-21 milli komandamızın üzvü Nihad Əhmədzadənin əvəzedici heyətə göndəriləcəyi ilə bağlı iddialar yayılıb. Klub prezidenti Riad Rəfiyev futbolçunun müqaviləni uzatmaq istəməməsi səbəbindən belə qərar qəbul edib.