"Səbuhinin vəziyyəti orta-ağırdır. Dünənki oyundan sonra o, "Sumqayıt Hospital"a aparılıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyev deyib.
Klub rəsmisi "Neftçi" ilə oyundan sonra xəstəxanaya yerləşdirilən Səbuhi Abdullazadənin səhhəti ilə bağlı son durumu açıqlayıb:
"İlkin müdaxilədən sonra məlum olub ki, əməliyyata ehtiyac var və gecə saatlarında "Liv Bona Dea" xəstəxanasına köçürülüb. Klubun həkimi gecə boyu Səbuhinin yanında olub. Onunla danışdım və bildirdi ki, əməliyyata girəcəyik. Əməliyyatdan sonra onun nə vaxt sağalacağı dəqiq bilinəcək. Həkimin sözlərinə görə, zədə karyerasına təsir edəcək qədər ağır kəsik deyil, lakin kifayət qədər ciddi zədədir. İnşallah, əməliyyat uğurlu keçər və kapitanımız tezliklə yaşıl meydanlara qayıdar".
Qeyd edək ki, Abdullazadə ötən gün baş tutan "Neftçi" ilə matçda (1:3) meydandan qovulub. O, paltardəyişmə otağına yollanarkən əsəbindən qapıya ayağı ilə zərbə endirib ki, bundan sonra sınan şüşələr onun ayaqlarına tökülüb və futbolçu ciddi xəsarət alıb.