Yeni mövsümün hazırlıqlarına start verən "Sumqayıt"ın yoxlama görüşlərində rəqibləri müəyyənləşib. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "kimyaçılar" təlim-məşq toplanışı dönəmində 5 sınaq oyunu keçirməyi planlaşdırır.
Saşa İliçin çalışdırdığı kollektiv ilk oyununu Vaqif Cavadovun baş məşqçisi olduğu "Sumqayıt"ın əvəzedicilərinə qarşı keçirəcək. Oyun iyulun 16-na təyin olunub. 3 gün sonra, daha dəqiq desək, iyulun 19-da "gənclik şəhəri"nin təmsilçisinin rəqibi "Qarabağ"ın "ikinciləri" olacaq. 23-də "kimyaçılar" "İmişli" ilə üz-üzə gələcək. Oyulun 25-də toplanışın ikinci mərhələsi üçün Qəbələyə üz tutacaq komanda 31-də "Kəpəz"lə qarşılaşacaq. Toplanış dönəmində 5-ci yoxlama görüş üçün isə rəqib hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Sumqayıt" əvvəlcə təlim-məşq toplanışının ikinci hissəsini türkiyədə keçirməyi planlaşdırsa da, serbiyalı mütəxəssis Qəbələyə yollanmağı daha məqsədəuyğun hesab edib.