Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ" – "Şamaxı" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Son dəqiqələr üzücü oldu. "Qarabağ"ın gücünü bilirdik. Oyuna yaxşı başlamadıq, amma sonra imkanlar yarada bildik. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Təəssüf ki, həmin anlarda səhvlər etdik. Son dəqiqədə penaltidən yararlana bilsəydik, bəlkə, şansımız olardı. Uşaqlara təşəkkür edirəm. 4 gündən bir oynamaq asan deyil. Qarşıdakı oyunlara hazırlaşacağıq.

 

– Penaltini sanki Şuaybu vurmaq istəyirdi…


– Penalti vuranımız Rikardo Apolinario və Kərim Rossidir. Kərim neçə oyun idi, penaltilərdən yararlana bilirdi. Qismət.

 

– PFL-ə cavab vermişdiniz. Hansısa reaksiya gəldi?


– Danışıqlarımız oldu. Hər kəs istəyir ki, meydançalarımız yaxşı olsun, inkişaf getsin. Hamı bunu istəyir. PFL-də işləyənlərlə çoxdan əlaqəmiz var. Oyundan sonra danışdıq. Bu məsələni öz aramızda yaxşı mənada həll etdik. Bir-birimizi başa düşdük.