NTD komandasının basketbolçusu Zeyn Nouls klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, o, çempionatdan, komandaya keçidindən söz açıb:

 

– Növbəti oyun liqanın liderlərindən biri olan "Absheron Lions"a qarşıdır. Bu matçdan gözləntiləriniz nədir?


– Bu oyunda meydançaya daha böyük enerji, əzmkarlıq və özünəinamla çıxacağımızı gözləyirəm. "Sabah"a qarşı matçda oyunun böyük hissəsində yaxşı basketbol oynadıq, lakin qələbə qazanmaq üçün bu kifayət etmədi. Buna baxmayaraq, potensialımızın yüksək olduğunu və daha güclü komanda olduğumuzu düşünürəm.

 

– Liqada uzun fasilə oldu. Komanda bu dövrdən necə istifadə etdi?


– Bu müddət ərzində iki yoxlama oyunu keçirdik. Bu oyunlar bizə daha çox birlikdə oynamaq və bir-birimizi daha yaxşı anlamaq imkanı verdi. Düşünürəm ki, bu fasilə müəyyən mənada komandaya fayda verdi.

 

– NTD klubunu seçməyinizə nə səbəb oldu?


– Hesab edirəm ki, komandaya fiziki güc qatmaqla kömək edə bilərəm. Meydanda fiziki gücümü və sərt oyun tərzimi ortaya qoyuram və bu xüsusiyyətlərimin komandaya fayda verəcəyinə inanırdım.

 

– Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirərdiniz? Digər komandaların oyunlarını izləmək imkanınız olubmu?


– Açığı, indiyə qədər cəmi iki oyunda iştirak etmişəm, ona görə fikir bildirmək düzgün olmazdı. Amma qarşılaşdığımız komandalar yaxşı basketbol nümayiş etdirdilər. Digər komandaların oyunlarını isə hələ ki, canlı izləmək imkanım olmayıb.