"Qarabağ"ın futbolçusu Leandro Andrade mövsümün sonunda komandadan ayrılmaq niyyətindədir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Kabo-Verdedən olan cinah oyunçusu artıq bu qərarı ilə bağlı klub rəhbərliyini də məlumatlandırıb. 26 yaşlı futbolçu karyerasında yeni səhifə açmaq istədiyini bildirib.

Lakin məsələnin görünən tərəfi ilə yanaşı, pərdəarxası səbəblər də var. Andrade əvvəlki "transfer pəncərələrində" yüksək maaşlı təkliflər alsa da, həmin klublar "Qarabağ"la razılığa gələ bilməyib. Bu dəfə isə futbolçu rəhbərlikdən güzəştə getməsini və onun transferinə mane olmamasını xahiş edib.

2022-ci ildə Ağdam təmsilçisinə qoşulan Andrade-nin "köhlən atlar"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

O, cari mövsümdə ölkə çempionatında 20 matçda 3 qol vurub, UEFA Çempionlar Liqasında (təsnifat mərhələləri daxil olmaqla) isə 16 oyunda 6 dəfə fərqlənib.