"Zirə"nin müdafiəçisi Anj Mutsinzinin Sport24.az-a müsahibəsi.
- "Sumqayıt"la görüşdə qalib gələrək, yarımfinala adlamağı bacardınız. Matç sizin üçün necə keçdi?
- Heç də asan oyun olmadı. Sadəcə ilk hissəyə yaxşı başladıq. Rəqib üzərində müəyyən təzyiq yaratdıqdan sonra ilk qolu vurmağa nail olduq. Amma bunlara baxmayaraq, "Sumqayıt" fasilədən sonra təzyiq yarada bilirdi. Lakin qırmızı vərəqədən sonra hücumlarımıza davam edib, ikinci qolumuzu vurduq. Ümumilikdə çətin görüş keçdi, amma vacib qələbə qazandıq.
- Lakin kənardan elə görünürdü ki, müdafiə xətti üçün çətin oyun deyildi. Çünki "Sumqayıt"ın hücum xətti o qədər də təhlükə yarada bilmirdi...
- Məncə, göründüyü kimi deyil. Çünki "Sumqayıt"ın hücumameyilli futbolçuları daim hərəkətli olan oyunçulardır. Dinamik futbolçulardır. Müdafiə xəttinə də çətinlik yaradan amil bu idi. Bəlkə sizə elə görünə bilər ki, çətin deyildi, amma mənə görə çətin idi.
- Növbəti mərhələdə "Turan Tovuz" və ya "Kəpəz"lə qarşılaşacaqsız. "Kəpəz"ə azarkeşlik edəcəksən?
- Peşəkar futbolçu kimi oyunu bitərəf mövqedən izləyəcəm. Fərqi yoxdur hansı komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Biz sadəcə öz rəqibimizi gözləyib, öz oyunumuza fokuslanacağıq.
- Qarşıdakı oyununuz Premyer Liqada "Kəpəz"ə qarşıdır. Sıx qrafikdə fiziki yorğunluq olacağından ehtiyat edirsiz?
- Fiziki durumumuzla bağlı heç bir problem olmayacaq. Həftədə 2 oyun oynasaq da, baş məşqçimiz oyunlarda müəyyən rotasiyalara gedir. Buna görə də, fiziki durumumuz istənilən səviyyədə olacaq.
- Mövsümün sonunda 3-cü pillədə başa vurmaq şanslarınız nə qədərdir?
- Bizə qarşı oynayan komandalar üçün oyunlar asan olmayacaq. Çünki biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Üzərimizdə daim çalışırıq, niyə də olmasın?
- Ruanda millisinin baş məşqçisi Adel Amruş dekabrda Bakıya gəldi, sizin oyununuzu da izlədi. Deyəsən, Azərbaycan səfəri onun üçün düşərli olmayıb. Çünki millidən göndərildi. Doğrudur?
- Komandanın baş məşqçisinin ötən ildən bu günə qədər bütün göstərdiyi performansların analizləri oldu, federasiya tərəfindən. Kifayət qədər yaxşı çıxış etmədiyini nəzərə alıb, baş məşqçini istefaya göndərdilər. Hazırda federasiya yeni baş məşqçi axtarır.