"Şelburn"un baş məşqçisi Coui O Brayen İrlandiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransına qatılıb. Sport24.az xəbər verir ki, mütəxəssis maraqlı açıqlaması ilə diqqət çəkib. 

 

O, həftəsonu yerli komandanın hokkey matçına baxdığını söyləyib: 

 

"Autsayder olan komanda qalib gəldi. "Qarabağ"la oyuna da belə yanaşacağıq. Mənim üçün əsas odur ki, avrokubok oyunlarına görə peşman olmayaq. Bu, bir oyunçunun karyerasında elə bir məqamdır ki, bundan həzz almaq lazımdır. Ev oyunu olduğu üçün yaxşı atmosfer yaratmalı, irəli çıxmalı və rəqibi geri çəkilməyə məcbur etməliyik. İstəyirəm ki, komandam hücumda oynasın və keyfiyyətini nümayiş etdirsin".

 

İrlandiyalı məşqçi oyunun gedişatının "Qarabağ"ın durumundan asılı olacağını bildirib: "Bizdən fərqli olaraq, onların yeni mövsümdəki ilk oyunudur. "Qarabağ" yalnız Avstriyada təlim-məşq toplanışında olub.

 

O Brayen növbəti mərhələyə vəsiqənin "Şelburn"a maddi gəlir gətirəcəyini əlavə edib: "Bu, bizim kimi klub üçün əla fürsətdir. Çempionlar Liqası oyununda qələbə qazanmaq bir futbolçu üçün möhtəşəm hadisədir. I təsnifat mərhələsində "Linfild"i (Şimali İrlandiya) keçə bildiyimiz üçün indi "Qarabağ"a rəqib olmuşuq".

 

Qeyd edək ki, bu gün baş tutacaq Şelburn" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.