Azərbaycanın akrobatika gimnastlarının Dünya kuboku seriyasında əsas məqsədi ilk iki pillərədən birini tutmaq olub. Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın akrobatika gimnastı Daniel Abbasov deyib.

 

O, yarışı uğurlu nəticə ilə bitirdiklərini söyləyib: "Məqsədimiz Dünya Kubokunda ilk iki pillədən birini tutmaq idi və bunun üçün çox çalışdıq. Son yarışı gümüş medalla başa vurduq. Bizim üçün uğurlu nəticə sayılır. Yarışdan öncə də çıxışımızı ən yüksək səviyyədə təqdim etmək üçün bütün gücümüzlə çalışırdıq. Nəticə həm bizi, həm də komandamızı çox sevindirdi".

 

Abbasov qarşıdan gələn Dünya Oyunlarında da yaxşı nəticə göstərəcəklərinə inanır: "Avqustda keçiriləcək Dünya Oyunlarına hazırlaşırıq. İnanıram ki, həmin yarışda da yaxşı nəticə göstərəcəyik".

 

Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü (Murad Rəfiyev - Daniel Abbasov) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərdə yüksək nəticələr göstərərək Dünya Kuboku seriyasının qalibi olublar.