"Qış fasiləsindən sonra iddialı komandalar qarşı keçirdiyimiz oyunlarda məğlub olmadıq və digər 4 qarşılaşmada ardıcıl qələbələr qazanaraq yaxın rəqiblərlə aramızdakı xal fərqini bir qədər də artırmağa nail olduq". Bu sözləri Sport24.az-a I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

 

Son günlər mətbuatda komanda elitaya vəsiqə qazanacağı təqdirdə "sükan arxasına" Aftandil Hacıyevin dəvət olunacağı ilə bağlı xəbərlər yayılıb. Gənc mütəxəssis açıqlamasında bu məsələyə də münasibət bildirib: 

"Klubla anlaşmam var. Komanda Premyer Liqaya yüksələcəyi təqdirdə müqaviləm avtomatik olaraq uzadılır. Ən önəmlisi isə odur ki, mətbuatda bu cür əsassız xəbərlər yayılanda rəhbərlik hər dəfə mənə dəstək olur və bildirir ki, belə şayiələrə fikir vermədən işimi görməyə davam edim. Bundan sonrakı oyunlar daha gərgin olacaq. Çalışıb sabitliyi qorumaq lazımdır ki, sonda çempion ola bilək".

Qeyd edək ki, yayılan iddialara görə, "Şəfa" Premyer Liqaya yüksəldikdən sonra Aftandil Hacıyevi baş məşqçi postuna təyin edə bilər.