Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enso Fernandes Madrid də yaşamaq istədiyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə İngiltərə mətbuatına verdiyi son müsahibəsində danışıb:
"Madriddə yaşamaq istərdim. Bura möhtəşəm bir şəhərdir, mənə Buenos-Ayresi xatırladır".
İspaniya paytaxtındakı klublar barədə sual verildikdə isə, Enso sadəcə gülümsəyərək şərh verməkdən imtina edib.
Bir müddət əvvəl mətbuatda futbolçunun "Real"a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, "Çelsi" ötən yaydan bəri yarımmüdafiəçi ilə müqavilənin uzadılması barədə danışıqlar aparır və bunu uzunmüddətli layihənin vacib bir hissəsi kimi görür. Lakin tərəflər hələlik razılığa gələ bilməyiblər.
Fernandesin hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. "Transfermarkt"ın məlumatına görə, argentinalı yarımmüdafiəçinin bazar dəyəri təxminən 90 milyon avrodur.