"Turnir cədvəli baxımından, əlbəttə, daha çox xal toplamaq istərdik. Sadəcə, bir məqamı nəzərə almaq lazımdır ki, 6 oyundan 4-də çempionluğa oynayan komandalarla qarşılaşmışıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Zaur Həşimov deyib.

Təcrübəli mütəxəssis komandasının Misli Premyer Liqasında geridə qalan 6 turdakı çıxışını dəyərləndirib:

"Üstəlik, qarşılaşdığımız bu komandaların dördü ölkəmizi avrokuboklarda təmsil edən kollektivlər idi. Onların bir sıra parametrlərdə bizdən üstün olması istdəyimiz xalları yığmağa mane oldu. Amma onu da vurğulayım ki, "Şəfa"nın bu komandalara qarşı layiqli mübarizə apardı. Komandamızın oyun planında inkişafı nəzərəçarpacaq dərəcədə görünür. Çatışmazlıq kimi çox qol buraxmağımızı qeyd edərdim. Düzdür, "Sabah" və "Neftçi" ilə matçlarda müdafiə oyunayıb qapımızda daha az qol görə bilərdik. Fikrimcə, hətta qol buraxmaya da bilərdik. Amma biz cəsarətli futbol oynamağa çalışdıq. Nəticədə rəqiblər bundan maksimum istifadə etdi. Üçüncü turda "İmişli"yə məğlub olmağımız turnir cədvəlindəki mövqeyimizə təsir edir. "Qarabağ"la oyuna gəlincə, düşünürəm, ən azı bir xal qazanmağa çox yaxın idik. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq. Qəbələdə 4 günlük təlim-məşq toplanışı və bir yoldaşlıq oyunu planlaşdırmışıq. Bu, yeni formalaşan kollektivimiz üçün çox vacibdir. Futbolçular həm fiziki göstəricilərini artıracaq, həm də bir-biri ilə daha çox ünsiyyətdə olacaqlar".

Qeyd edək ki, "Şəfa" Misli Premyer Liqasında 6 turdan sonra 3 xalla 10-cu pillədə qərarlaşıb.