"Birinci hissədə oyunumuz alınmadı və əks-hücum zamanı qol buraxdıq. İkinci yarıda məşqçinin etdiyi dəyişikliklər özünü göstərdi". 


Bu sözləri Sport24.az-a açıqlamasında İkinci Liqa təmsilçisi "Zəngəzur"un futbolçusu Tural Qürbətov deyib.

Təcrübəli futbolçu 5-ci turda "Kür-Araz"a qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Bundan sonra daha yaxşı futbol sərgilədik, ard-arda qollar vurduq və sonda qələbə qazandıq. 5oyuna 9 xal bizim komandamız üçün çox da yaxşı nəticə deyil. İlk turda "Ağstafa Gəncləri" ilə qarşılaşmada məğlub olduq. "Marafon"la oyunda da 2:0 öndə olduğumuz halda qırmızı vərəqə aldıq və məğlub yenildik. Bu oyunlarda yol verdiyimiz səhvlər nəticələrimizə təsir etdi. Bütün bunlar bizim üçün dərs oldu. İnşallah, bundan sonra həmin səhvləri təkrarlamamağa çalışacağıq və qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik".

Qeyd edək ki, "Zəngəzur" İkinci Liqada 5 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.