Son Azərbaycan çempionu, "Qarabağ"ın 7 illik hegemonluğuna son qoyan, yayda 3 turnirdə - Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında çıxış edərək yekunda qrupa düşə bilməyən "Neftçi". "Ağ-qaralar"ın 8 illik çempionluq həsrətinə son qoyaraq tarixinə düşən baş məşqçi Samir Abasov. 43 yaşlı mütəxəssisə suallarımız yığılıb qalmışdı. Nəhayət, klubun bazasına yollanaraq Abasovla görüşümüzdə bunları ünvanladıq, söhbətimiz də geniş alındı. 

 

"Emindən hər şey gözləyirik"

- Ağır yay qrafikindən, sıx avrokubok oyunlarından sonra bu üçhəftəlik fasilə nə dərəcədə yerinə düşdü?

- Əsas o idi futbolçular dincəldilər. Onlar bir az yükü stressi atdılar üzərlərindən. Biz də həmişəki kimi işimizə davam edirik. Bilirik ki, o təzyiqdən, stressdən sonra yenə çempionatımıza köklənməliyik. Burdakı mübarizə də asan olmayacaq bizə. Buna görə lap da boşalmamışıq. Ancaq biz də çalışdıq ki, bir az dincələk. Fikirləşirəm ki, futbolçular indiki duruma görə yaxşı da dincəliblər.

- Ancaq kapitanınız Emin Mahmudov necə deyərlər, limon kimi sıxılıb - siz dincələndə, o milliylə oldu...

- Göründü ki, Eminin Portuqaliya ilə matçda vəziyyəti gözəçarpacı qədər yaxşı deyildi. Bu da həddindən artıq yorğun olmasına görə idi. Millidən gələndən sonra 2 gün istirahət verdik ona. Ancaq əfsuslar olsun ki, bizə qayıdandan sonra ilk məşqdəcə həmin yorğunluğu hiss elədik. Məncə, Mahmudovun dincəlməyə doğrudan böyük ehtiyacı var. Ancaq biz tərəfdən - "Neftçi" olaraq verə bilmirik bunu ona. Fikirləşirəm ki, çempionatın qarşıdakı oyunundan sonra gedişatında nələrəsə əl ataq. Emin bizim üçün çox önəmli oyunçudu. Bir mövsümdü durmadan məşq eləmək, fasiləsiz oynamaq çox çətindi futbolçu üçün. Mahmudov da onlardan biridi. Görək neyləyirik, hələ ki onun əziyyətini çəkirik. 

- Bu yay Mahmudovun yayı oldu. Vurduğu baxımlı, vacib qolllarla həm "Neftçi"də yadda qaldı, həm də millidə. Ondan yığmada belə oyun gözləyirdiniz? Emin millinin yeni liderinə çevrilib, oyunuyla komandanı arxasınca daşıyır..

- Ümumiyyətlə, Emindən hər şey gözləyirik. Sadəcə, ona inamı qaytarmaq, inanmaq, bəzi göstərişlər vermək lazım idi. Digərlərinin 10 addım edəcək şeyi Mahmudov 1-2 addıma edə biləcək ağılda futbolçudu. Qolları demirəm ki, vuracağını gözləyirdik - yox. Ancaq əlbəttə, meydanda ən azından bacardığını, baş məşqçinin verdiyi tapşırılqarın hamısını yerinə yetirəcəyini gözləyirdik. Çünki bunu 100 faiz edən futbolçudu. Yadımdadı, mən "Neftçi"yə yeni gələndə hətta millidən çıxarılmışdı Mahmudov.

- Oyunlara turist kimi aparılırdı...

- Bəli, turist kimi gedirdi səfərə. Sözün açığı, o vaxtlar mənim problemim deyildi. Artıq məndən gələndən sonra bildiyim qədərilə millimizin baş məşqçisi Canni de Byazi Emini çağıraraq ayrıca söhbət edib. Fikirləşirəm ki, bu, kapitanımızın bizim komandada oynadığı oyunun, göstərdiyi o performansın nəticəsidi. De Byazi Mahmudova inamını göstərdi, futbolçu da bunun bəhrəsini verir məncə

- Bundan az da olsa, öz rolunuzu görürsünüzmü?

- Fikrimcə, təkcə biz yox, bütün komanda yoldaşları, "Neftçi" olaraq nəinki Emində, bir çox futbolçumuza kömək ola bildik. Bunu istər Kanenin "Olimpiakos"a, Namiqin "Bursaspor"a, Antonun "Visla"ya transferi, istərsə də digər futbolçularımızn daim maraq çərçivəsində olması təsdiqləyir. İndiyədək olan təkliflərdə "Neftçi"dəki ab-havanın çox köməyi oldu.

 

"Hansısa oyunlarda avrokuboklar təcrübəsizliyimin hesabına uduzmadıq - belə düşünürəm"

-  UEFA-nın yeni qaydalarına görə 3 turnirdə iştirak etdiniz, böyük şans oldu ki, qrupa düşməyə, ancaq buna nail olmadınız. Fasilə vaxtı soyuq başla analiz edəndə, hansı nəticəni çıxardınız - kimdi əsas günahkar?

- Bu gün günahkar axtarıb üstündə durmaqdansa, bunun çıxış yollarını axtarmaq daha yaxşı olardı. Biz özümüz öz aramızda çıxış yollarını axtarmalıyıq - nəinki düz elədik, nəyi səhv, nəyi bacarırdıq eləmək, yaxud bacarardıqmı bunun artığını eləmək. Bunu bütün futbolçular, biz hamımız dərk eləməliyik. Məncə, "Neftçi" olaraq oraları - qrupları düşünməliyik. Hər şeydə günahkarı baltalamaqdansa, səhvləri tapıb, ondan nəticə çıxmarmağın daha məntiqli olduğunu fikirləşirəm. 

- Sizcə, həlledici amil nə oldu uğursuzluqda?

- Ora düşməməyimizdə kimin rolu varsa - necə rolu varsa, bu, o demək deyil ki, kimlərsə istəmir, yox - hər şeydə səhvdən düzgün nəticə çıxarmalıyıq ki, nəyi daha yaxşı edə bilərdik. Günahkar sözü haqda ümumiyyətlə, danışmaq istəmirəm. Müəyyənləşdirməliyk ki, harda daha qətiyyətli addım atsaydıq. daha yaxşı olardı bizim üçün. Bilmirəm, çox çətindi. Ancaq əsas odur kİ, öz işimizdə, çərçivəmizdə bilirik nələr baş verib.

- Avrokuboklarda məşqçi kimi debütünüz yalnız indi baş verdi. Sizcə, beynəlxalq təcrübənizin yoxluğu uğursuzluqda nə dərəcədə rol oynadı?

- Fikrimcə, bu, ən son məqam idi mənim üçün. Mən olmayım, kim olursa-olsun, belədi. Hansısa oyunlarda təcrübəsizliyimin hesabına uduzmadıq - belə düşünürəm. Açıq-aşkar bildirməliyəm ki, bu avrokubok matçlarında ümumiyyətlə, gücümüz çatmadı. Ora layiq olmamaq söhbət deyildi, bir komanda olaraq hazır olmaq - bu, çatmadı bizdə. 

- Düzdür, "Neftçi"ni Çempionlar Liqasında 8 illik fasilədən sonra çıxış etsə də, onu avrokuboklarda təcrübəsiz adlandırmaq olmaz. Axı, demək olar hər il Avropada oynayan komandadı...

- Nə qədər oynasa da, qruplarda çıxış edən komanda deyilik. Biri var ki, ilk mərhələdən çıxasan, bir də var ki, gedəsən və bu oyunlar bizim üçün dəhşətli dərəcədə təcrübə oldu. Kim burda qalacaqsa, növbəti avrokubok üçün bundan nəticə çıxaracağıq. Xüsusilə də bu matçların təcrübəsi gələcəkdə qrupa düşmək baxımından bizə kömək olacaq.

 

"Bəli, bu, dediyinizə bənzəyir - "toydan sonra nağara"

- Bütün yayboyu avrokuboklarda hücumçu transferi gözləsək də, bu, olmadı. İndi birdən-birə üç ön xətt oyunçusu aldınız ki, bu da "toydan sonra nağara"ya bənzəyir. Gərək "Neftçi" Avropada çıxışını baş vurardı ki, transferlər olsun?

- Konkret olaraq bəli, dediyinizə bənzəyir. Bu gün hansısa klub transfer eləmirsə, nələrisə deməkdənsə, öncə hər şeyi analiz eləmək lazımdı. Azarkeşlərdən danışmırıq, onların borcu da deyil ki, kimisə analiz eləsin. Azarkeşlərin sevgidən irəli gələn fikirləri də ola bilər. Amma futbolun içində olan digər adamlar analiz eləməlidi - ilk növbədə imkanlarımıza baxmalıyıq. Götürdüyümüz futbolçular "Makkabi"yə qarşı bizə yetərli olacaq, ya yox. Sualın ikinci tərəfi də odur ki, bizim çempionata nə dərəcədə çətindi oyunçu transfer eləmək. Çempion olduqdan sonra birinci gündən bütün işimizi transferlər çalışmaları üzərində qurduq. Ancaq əfsuslar olsun ki, nələrsə alınmadı, kimlərisə gətirə bilmədik. Burda həm imkanlarımız böyük rol oynadı - bunu maddiyyata bağlayıram - həm də bəzi epizodlarda həddindən artıq şişirdilmiş rəqəmlər oldu. Çempionat qurtarandan sonra bir futbolçu gəlir sənə, real qiyməti 200-300 mindirsə, fikirləşir ki, 2-3 ay vaxtım var "transfer pəncərəsi"nin bağlanmasına, 700 min sənə qiymət oxuyursa, əlbəttə ki, bu, imkanlarımız xaricindədi. Pəncərə bağlanana yaxın isə sənə özü zəng edir ki, hə, 200 minə gəlirəm. Bu kimi halları yaşadıq. Karyeramda bəlkə ilk dəfədi oldu belə şey. Oyunçu xatirinə oyunçu götürüb avrokuboklara gedək - yox. məncə, bu, yanlış fikirdi. Bu il acı təcrübəmiz oldu. Gələn il avrokuboklara komanda qurursansa, onu bu ildən eləmək lazımdı. Hansını ki, keçən il edə bilmədik.

- Yeni 3 transferiniz ürəyinizcə olan oyunçular oldu, yoxsa məcburiyyətdən götürdünüz onları?

- Yox, məcburiyyətdən götürdüm deyilən bir şey yoxdu. Məcburiyyətdən olsaydı, bu vaxtadək götürərdik. Bəli, açıq deyim ki, həddindən çox istədiyim futbolçular var idi. Onları çox gözlədik, hər dəfə bir vaxt dedilər gəlmələriylə bağlı. Agenti dedi ki, alınır, sonda alınmadı. Gəlməyənləri nəzərdə tuturam, misal üçün Rukavitsa. Onu çoxdan istəyirdik, çempionat qurtarandan təklifimiz olmuşdu. İsraildə müqaviləsi qurtarırdı, düşdük üstünə, adamı Bakıya kimi gətirdik, ancaq əfsuslar olsun ki, belə məqamlar da baş verdi. Bildiyiniz tək Rukavitsadı, o qədər oyunçular var ki, bu problemlərdən gəlmədilər - kiminsə həyat yoldaşı qoymadı, kiminsə evində problem oldu, kimsə dedi ki, valideynlərimlə məsləhətləşim. Bu kimi şeylər oldu, gələ bilmədilər. İşimizi bugündən qurmağa başlasaq, gec də olsa, sabahı fikirləşsək, məncə, hər şeydə düz yolda getmiş olarıq.

 

"O da Rukavitsa kimi həddindən artıq keyfiyyətli, bəyəndiyimiz hücumçudu, yaş amilinə baxmıram"

- Rukavitsa olmadı, onun yaşda - 34 yaşlı Bezerra oldu. O, Rukavitsa ola biləcəkmi?

- O da həddindən artıq keyfiyyətli futbolçudu. 

- Yaş amili mane olmayacaq?

- Ümumiyyətlə, yaş amilinə baxmıram. Bu gün ən yaxşı oyunçularımdan biri 34 yaşlı Stankoviçdirsə, bu, özü özlüyündə hər şeyi deyir. Bezerra da bizə təklif olunan, bəyəndiyimiz hücumçulardandı, gətirmişik.

- Ondan əvvəl digər braziliyalı hücumçu gəlib - Maçado. O, necə bir hücumçudu?

- Braziliya C seriyasından gəlib. Hücumçu qıtlığının əziyyətini çempon olsaq da, Premyer Liqada çəkdik, sonra da avrokuboklarda. Məncə, bir hücumçya yola çıxmaq düzgün deyil. O baxımdan fikirləşdik ki, iki hücumçu götürməliyik. 

- Argentinalı Korrea isə vingerdi. Sizin 5-li müdafiəli oyun sisteminizə uyğun gəlir vinger?

 - Yadınızdadırsa, biz yeni gələndə hamı, telekanallarda üstümüzə düşdülər ki, Namiq haçandan hücumçu olub, o, sırf vingerdi, Namiqin sistemi bu deyil, onu düzgün oynatmırlar. Ələsgərov axırda gəldi Azərbaycan çempionatının bombardiri oldu və "Bursaspor"a transfer oldu. Mənə sırf hücumçu yox, bəzi futbolçuların sırf hücumda bəzi funksiyaları yerinə yetirmələri çox vacibdi. Onları da keçən mövsüm gördük. Bu vingeri də gətirməklə çempionatın gedişində bəzi dəyişikliklər etmək fikrindəyik. Bu, sistem, oyunçu baxımından olsun. Əlimizdə olan futbolçuları bəzi mövqelərdə sınamaq istəyirik ki, bunu da ancaq çempionatda edə bilərik. Ümumiyyətlə, biz məşqçilər uzunmüddətli planlar qururuq heyətlə bağlı. Yəni, hər bir şeyə hazır olmalısan. 

 

"Mirabdullanın taleyi necə olacaq? Bu sualı özünə də versəniz, yaxşı olar, özü də bu haqda düşünməlidi, çalışmalıdı"

- Bəs, Mirabdulla Abbasovun taleyi necə olacaq? O, hücumçu olmayanda belə, oynayıb özünü göstərə bilmədi. Abbasovla başa çatan müqavilənu uzatmağa nə dərəcədə zərurət var idi?

- Mirabdullayla müqavilə çempionat bitəndən sonra uzadılmışdı. Onda heç Namiqn gedişini fikirləşmirdik. Hələ o, ola-ola düşünürdük ki, bir hücumçu götürəcəyik. Bu, Rukavitsa kimi özündən söz etdirmiş hücumçulardan biri olmalı idi. Namiqin getməyi və açıq deyim ki, Mirabdullanın performansının bir az düşməyi bizi vadar elədi ki, iki hücumçu alaq. Bu şans yarananda, həm də maddiyyat bizə imkan verəndə, bunu reallaşdırdıq. Mirabdullanın taleyini necə olmağına gəlincə, bu sualı özünə də versəniz, yaxşı olar. Özü də bu haqda düşünməlidi, çalışmalıdı. Bu gün bizim komandadadı, sabah hər şey ola bilər - artıra da bilər, bizimlə oyunlara çıxa da. Bu gün Abbasovla birgə 3 hücumçu varsa, 4-cü hücumçu əvəzedicilərdən Famil Camalov qoşulubsa, fikirləşirəm ki, ona da etibar eləməyin vaxtıdı  Bu gənc hücumçumuz özünü həddindən artıq yaxşı tərəfdən göstərir. Hücumçu baxımından problemimiz olmayacaq.

- Belə olan halda, Mirbadullanı icarəyə vermək daha məqsədəuyğun olmazdı? Ehtiyatda oturmağın nə faydası var ki futbolçuya...

- Bu haqda özü də fikirləşməlidi - oynamaq istəyirsə. Belə bir qanun da yoxdu ki, Mirabdulla bundan sonra oynamayacaq. Adam çıxacaq, şansını qazanacaq. Keçən mövsüm olurdu ki, çıxıb özünü çox yaxşı göstərirdi. Hər şeyi zaman göstərəcək. 

- "Neftçi"yə gəldiyinizdə yeganə futbolçu Mirabdulla idi ki, əvvəl də onunla işləmişdiniz. Bu, ən yaxşı vaxtında 20 yaşında "Sumqayıt"da idi. Sizcə, ən böyük xətası nə oldu ki, özünə gələ bilmir? Artıq 26 yaşı var, yetərincə də şans qazanır, ancaq həminki Mirabdulla deyil ki deyil...

- O, "Sumqayıt"dan sonra sırf karyerasını gözünün önünə gətirib fikirləşməlidi. Həmin klubda hər zaman Samir Abasovun yanında olacaq - belə bir qanun yox idi. "Neftçi"yə gəldi, ordan "Səbail"ə icarəyə gedi, sonra qaytarıldı, nə qədər şans verildi. Baş məşqçi ona şans verib alınmırsa oyunu, yüzəyüz başqasını gətirib oynadacaq. Hər şey Mirabdullanın öz əlindədi, heç nə onun üçün bitməyib. İnşallah, ən yaxşısına inanaq. 

 

"Sezarın məşqlərdə bugünədək göstərdiyi performans ən yaxşılardandı bizim üçün"

- Sezarı avrokuboklarda gördük, çempionat üçün cəzası bitir, artıq burda da şans verə bilərsiniz. Ancaq hələ ki nazlı-qəmzəli gəlinə bənzəyir bir növ. Meydanda istəksizdi, canını qoymur, mübarizələrdən çəkinir. Onu silkələyə biləcəksinizmi?

- Yüzdəyüz! Sezarın məşqlərdə bugünədək göstərdiyi performans ən yaxşılardandı bizim üçün. Özüylə danışanda bildirdi ki, heç bu qədər məşq eləməyib adam. Nə qədər istəklə gücünü qoyduğu göz qabağındadı - bu komanda daxilində biz bilirik. Sadəcə, fikirləşirəm ki, kim olursa-olsun, futbolçuya adaptasiya lazımdı.

- Axı, Meza Kolli 6-7 ildi Azərbaycandandı...

- Fərqi yoxdu, başqa yerdən gəlirsən, "Keşlə"də lider yox, "1 nömrə"li oyunçu idin. 

- Bəlkə, bu, Sezara mane olur ki, "Neftçi"də liderlər çıxdu, onların kölgəsində qalır? Necə deyərlər, şəhərdə onuncu olmaqdansa, kənddə birinci ol...

- Bəli, bəlkə də bunlar mane olur. Gəlirsən yeni kluba, burda sənin kimi Eminin, Sabirin, Yusufun var. Sən artıq bunlardan birisən, ən yaxşısı deyilsən. Bu dövrə adaptasiya olmaq gərəkdi və məncə, Meza Kolli çempionatda bizə çox xeyir verəcək. Ona həddindən artıq çox inanıram bir futbolçu kimi. Düşünürəm ki, əksinə, gözləmədiyimiz Sezarı görəcəyik. 

 

"Bask çox yaxşı transferimizdi, Basto haqda yazılanlarla isə şayiələrdi"

- Yay transferlərinizdən fransalı Roman Baskı müdafiədə solaxay futbolçu kimi Krivotsyukun yerinə oynatdınız, sonradan isə dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdiniz. Hansı ki, əsl mövqeyi oradı, orda oyunu daha yaxşı alınır...

- Baskın karyerasına baxanda, ən çox dayaq yarımmüdafiəçisi kimi oynayıb. Anton gedəndən sonra onun mövqeyində solaxay müdafiəçiyə ehtiyacımız var idi. Bu üzdən onu orda oynatmağa başladıq. Fikrimcə, Bask çox yaxşı transferlərimizdən biridi. Futbol diliylə desək, çox ağıllı oyunçudu. İki mövqedə yaxşı oynayanlar nadir hallarda olur. Baskı hətta 3-cü mövqedə - sol cinah müdafiəçisi kimi də oynada bilərik. Bu addımı atmağımız imkanlarımızdan irəli gələn bir şeydi. 2-3 oyunçu ala bilmiriksə, 2 mövqeni 1 futbolçuyla bağlamaq şansı düşürsə, bundan istifadə eləməliyik. Sistemi dəyişmək üçün yerli oyunçuların durumu çox önəmlidi. Bəziləri bunu başa düşmək istəmir, bəziləri bunu bilir, ancaq kənar yollarla gedir. Yerli futbolçuların səviyyəsi çox şeydə vacibdi, bunlar reallıqlardı. Misal üçün Emin cəzalı, yaxud zədəli oldu, oynamadı - deməli, səndə hər şey pozulur. İnanmıram ki, hansısa komandada 2 dənə Emin olsun. Bu cür problemlər olması sənə bir şeyə köklənməyə maneçilik törədir. Bu cür variantlara əl ata-ata məşqçi kimi özün də təcrübə qazanırsan. Komandanın içində həm oyun üslubunun, həm də sisteminin nəbzini tutan yerli futbolçulardı, vəssalam! Yaxşı tərəfi də ola bilər, pis tərəfi də.

- Romanla birgə gələn portuqaliyalı müdafiəçi Huqo Basto digər Azərbaycan klubuna təklif olunub daha aşağı məbləğə, ancaq götürməyiblər. "Neftçi"yə isə daha yuxarı məbləğə yararlı oldu. Bu, necə olur?

- Açığı, dediyiniz halla rastlaşmamışam. Huqoyıa danışanda, deyir ki, ümumiyyətlə, xəbərim yoxdu burda başqa variantdan. Mənə Azərbaycan variantı deyəndə, birinci "Neftçi"nin adı çəkilib. Deyir ki, birinci dəfədi qırağa çıxırdım, "Neftçi" təklifi var idi, qorxa-qorxa ölkəmi tərk edərək gəldim. Onunla iyunun axırında hələ Sloveniyada təlim-məşq toplanışında olduğumuz zamanı danışmışıq. Deyilənlər məncə, yanlış fikirlərdi, yazınlanlar şayiələrdi. 

- Bunadək Harraimizi hücumçu kimi də oynatdınız. Yeni forvardlar nəhayət, aldınız. Harramiz nəhayət, cinah yarımüdafiəçisi oynayacaq, yoxsa yenə 5-li müdafiınin sağında?

- Çempionatımız uzundu, kubok yarışmamız da var. Yadımdadı, keçən mövsüm "Qarabağ"la oyundan sonra "Qəbələ"yə qarşı 5 cəzalı futbolçuyla çıxmışdıq. Belə itkilər də gözlənilmədən olur. Harramizi sırf Yusuf kimi 5-li müdafiənin cinahına - sağa fikirləşib gətirmişdik. Sadəcə, hücumçumuz olmadığından orda da oynatmalı olduq. Halbuki, "Eştoril"də dəfələrlə cinahlarda - solda, sağda oynayıb. Fikirləşirəm ki, Harramiz komandamızda ən azı rəqabəti yarada biləcək futboçulardandı. Bu da bizə əlverişlidi bu dəqiqə. 

 

"Gənclərimizin U-21-dəki son oyunlarından həddindən artıq narazı qaldım, onlar tərəfindən mənim üçün pis siqnaldı"

- Əvəzedici komandadan gəncləri cəlb etdiniz, artıq sizinlə daim olacaqlar. Onlardan nə dərəcədə razısınız? Bu mövsüm oynamaq baxımından onlara nə dərəcədə bel bağlayacaqsınız?

- Açığını deyim ki, gənclərə şans verəcəyik. Keçən mövsüm ona görə bunu etmədik ki, noyabrdan sıx qrafikə düşdük. Bildiyiniz kimi, pandemiyaya görə ölkə xaricinə təlim-məşq toplanışına gedə bilmədik. O uşaqları yoxlamaq şansımız yox idi. Bu il Sloveniyada bizimlə toplanış keçdilər. Əfsuslar olsun ki, son oyunları olan U-21-də çıxışları məni heç açmadı. Bir baş məşqçi kimi onlardan həddindən artıq narazı qaldım. 

- Əsas nədən?

- Göstərdikləri oyun, oyunun içində elədiyi hər bir hərəkət onlar tərəfindən mənim üçün bir pis siqnaldı. Bunu açıq deyirəm sizə. Həm Xorvatiyayla, həm Avstriyayla oyunlarfa aldığım informasiyadı ki, pis təsir bağışlayıblar  Ola bilər komanda özü yaxşı deyil. Ancaq öz futbolçularımdan bu oyunu açığı, gözləmirdim. Fikirləşirəm ki, həddindən artıq arxayınlaşıblarsa, doğrudan pis eləyiblər. Düşünürəm ki, bu, yoxdu. Amma burdan, "Neftçi" kimi komandadan yığmaya gediblərsə, orda ən azından aparıcı futbolçulardan biri olmalıdırlar. Əfsuslar olsun ki, bunu görmədik onlarda. 

- Sizcə, "Neftçi"də oyun praktikaları yetərincə olub?

- Yetərincədi. Avrokubok oyunları görmüş komandada olanlar, məşq edənlərdi. Şans qazananlar da oldu oynamağa, məsələn İsmayıl Zülfüqarlı. Belə bir futbolçularla bir komandada olub, gedib yığmada elə oyun oynamalara onların ixtiyarı yoxdu.  

 

"Kaneyə "Olimpiakos" tərəfdən ciddi nəzarət var, özləri də bizə dedilər ki, bilirik çətin oyununuz var, istəyirik gəlib ora yetişsin" 

- Bir az da Kane haqda danışaq. Son günlərdə ölkəsindəki hərbi çevrilişə görə başı dumanlı olub. Onu necə kökləyə biləcəksiniz oyunlara?

- Məncə, əksinə, dumanlar çəkilib. "Olimpakos"a transfer məsələləri həll olunandan sonra həddindən artıq rahatlanıb özü. Bəli, ola bilər ki, 2-3 gün yollarda olub, bu, yora bilər onu. Ancaq fikrimcə, beyin olaraq əvvəlki Kaneni görə bilərik. 

- "Makkabi"ylə oyunlarda əvvəlki Kane yox idi...

- Bəli-bəli, yox idi. "Makkabi"ylə nəinki Kaneni, heç kimi görə bilmədik. Mamaduya doğrudan da kənar amillər təsir eləyir. Bu, Kanedən çox, bizim günahımız idi. 

- Nə mənada?

- Düzdür, oyundan qabaq tuta bilmirsən ki, Kane bu vəziyyətdədi, belə halda çıxa bilər oyuna. Ancaq oyunun içində gördük ki, doğrudan əvvəlki Kane deyil. Xoş haldı ki, bu məsələyə aydınlıq gəldi. Fikrimcə, Vətənindəki olaylar yox, "Olimpiakos" məsələsinə görə başı dumanlı idi - necə olacaq, gedəcəm, yoxsa yox, müqavilə bağlayacam, yoxsa yox. 

- Kane sizdə artıq icarədə olacaq, müqvailəylə daha "Neftçi"yə məxsus deyil. Sizcə, həminki günücü qoyacaqmı, yoxsa fikirləşir artıq özümü "Olimpiakos"a qoruyum?

- Yox-yox! Bu yöndə sağ olsun, "Olimpiakos" da böyük addım atdı. Sən bizimlə müqavilə bağla, orda get, yola ver - belə bir şeylər yoxdu. Əksinə, Kaneyə ciddi nəzarət var "Olimpiakos" tərəfdən. Onu da deyim ki, Vətənindən bura gəlməyində bütün şəraiti yeni klubu yaratdı, özəl təyyarəylə gətirdi. Özləri də bizə dedilər ki, bilirik çətin oyununuz var, istəyirik gəlib ora yetişsin Kane. 

- Yəni, "Neftçi" - "Qarabağ" derbisindən xəbərdar idilər...

- Bəli, ümumiyyətlə, çempionatı nəzərdə tuturdular. Bunlar o deməkdir ki, bu adamlar peşəkardılar, elə-bilə verməyiblər bizə Kaneni. Ona, oyunlarına ciddi nəzarət var. 

 

"Qarabağ" bunda bizi yüzdəyüz üstələdi, gördüyü işləri bir baş məqşçi olaraq alqışlamalıyam"

- Kanenin yerinə yeni Kane tapa biləcəksiniz?

- Bəli, o artıq bizə məxsus deyil, bu, reallığı başa düşürük. Avropanı fikirləşmək üçün indidən başlamışıq o çalışmalara. Rəhbərliklə bu yöndə danışırıq. Xüsusilə Kanenin mövqeyində nələr edə bilərik, bu yöndə işlər gedir. 

- Hesab etmirsiniz ki, çempionluq uğrunda əsas rəqibiniz olan "Qarabağ" yayda "Neftçi"dən daha yaxşı komplektləşdi, transfer çalışmalarında qabaqladı?

- Yüzdəyüz. Nə qədər gecikmişik, bilmirəm, bəlkə də gecikmişik. Ancaq bilirik ki, rəqib nə qədər komplektləşib, oyunçu götürüb, maraqlıdı eyni mövqeyi. Maraqlıdı yox, bu, belə də olmalıdı fikirləşirəm, çünki "Qarabağ"ın bu vaxta gördüyü işləri mən bir baş məşqçi olaraq alqışlamalıyam. Bu peşəkarlıdırsa. rəqib olsaq da, hər birimiz düzünü deyib alqışlamalıyıq. Bu gün sənin Abbas Hüseynov kimi sağ cinah müdafiəçin var, Monteneqro millisinin oyunçusunu gətirirsənsə, bu, yalnız alqışalayiq addımdı. Başa düşürsünüz, bu, doğrudan elədi. Bu adam gələcəyi fikirləşir. Ancaq kimlər gəlir-gəlsin, ikimiz birgə meydana çıxıb rəqib olacağıqsa, onları fikirləşmədən həmişə maksimum nəticəyə oynayacağıq. 

 

"Azarkeşlərimizlə görüşüb danışacağıq, indisə onu demək istəyirəm ki, tunelin sonunda bir ümid işığı vermişiksə, ondan yapışın, bir az səbrli olun"

- Son olaraq "Neftçi" azarkeşlərinə sözünüz. Artıq Avropa macərası bitdi, bütün diqqət daxili yarışlaradı - çempionat, kubok. Nə gözləsinlər?

- Açığı, "Neftçi" azarkeşləriylə bu yaxında görüşümüz olmalı idi. Ancaq 2-3 günə ertələndi. Azarkeşlərimiz istəyirsə baş məşqçiylə danışmaq, bu da olacaq, gedib danışacağıq.

- Hələliksə nə demək istərdiniz?

- Bilirsiniz, azarkeşlərimizə nə demək istəyirəm - açığı, bəzi şeyləri oxuyuram, bilmirəm bizim azarkeşdi, ya yox. Yəni, bunu pisləmək mənasında demirəm. Demək istəmirəm ki, sakitləşsinlər, sadəcə, bir az səbrli olsunlar. Azarkeşlərimizdi, bir az inansınlar bizə. Bir günün içində hər şey düzələcək - belə bir şeylər yoxdu. Nəyə ümid vermişiksə sizə, bu yaxşı olacaq, o ümidlə yapışıb bizimlə olsunlar. Hər yazılana, hər deyilənə uymasınlar. Adama deyərlər sizə nə olub...Başa düşürsünüz, kimlərsə nəyə görəsə yazır - xeyrinəmi, kimlərə görəsimi. Siz onlara uyub, yazılanlardan yapışıb dalınca getməyin, ümumiyyətlə, onlara fikir verməyin. Siz ki bizim "Neftçi" azarkeşlərisiniz. Tunelin sonunda bir ümid işığı vermişiksə, ondan yapışın. Heç kim pis tərəfi fikirləşib bu vaxtadək yaxşı tərəfə gəlib çıxmayıb. Bir az səbrli olun, inşallah, inandığınız adamıqsa, hər şeyi düzəldəcəyik.

 

"Məşqlərdə dəliyəm, analizlərdə dəliyəm, oyunlarda dəliyəm, vəssalam!"

- Titulu qazanmaq nə qədər çətindirsə, onu qorumaq bir o qədər çətindi. Bu, şəxsən sizin üçün əlavə təzyiq yaradırmı?

- Ümumiyyətlə, məndə heç vaxt təzyiq olmayıb. Azarkeşlərimiz də, jurnalistlər də, hamısı bilsinlər - məndə qorxu deyilən bir şey olmayıb ki, bu günləri bu iş məndə itə bilər. Məni tanıyanlar bunu yaxşı bilir. Daxilən həmişə rahatam. Sadəcə, məşqlərdə dəliyəm, analizlərdə dəliyəm, oyunlarda dəliyəm, vəssalam! Bunu futbolçularımın da hamısı bilir. Ümumiyyətlə, çəkinəcəyimiz bir şeylər yoxdu. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, bu gün əlimizdə olan ən yaxşısını etməyə çalışacağıq. Bunu keçən mövsüm də gordünüz - futbolçumuz olmaya-olmaya belə. Alınıb-alınmayıb - bu, başqa bir şeylərdi. Bu gün kimlərsə "podnos"un içində bəzi neqativ şeyləri gətirib qabağınıza qoymaq istəyirlər ki, hə, bu "Olimpiakos"u, bu "Makkabi"ni keçmək olardı. Sən demə, belə bir "Olimpiakos" da var imiş ."Olimpiakos"u buya, bu olmayana bölənlər də var imiş. Bu, faciədi. 

- HİK-in adı çəkilmir yəni...

- Bu ad çəkilsə, yenə dərd yarı deyəsən. Bu "Olimpiakos", bu "Makkabi" keçilməli idi - belə söyləyirlər. Yadımdadı, "Makkabi" Azərbaycana gəlib 8:0 hesablı qələbə qazandığı vaxt olub. Heç kimin acığına gəlməsin, İsrail klublarıyla əvvəlki oyunlarımız da yadımdadı. Yəni, belə bir şeylərə uymayın. İnşallah, hər şey yaxşı olacaq. Yaxşı olmayacaqsa, yaxşı eləyən adam gələcək. Bundan da narahat olmayın. 

 

"Heç yandan da yapışmamışıq, bu, Seymurun kreslosudu, onlar qorxular, ordan bərk yapışırlar"

- Samir Abasov görəndə ki, misisyası bitdi "Neftçi"də , bundan o yana apara bilmir komandanı, çemodanını özü yığıb gedəcək. Halbuki, bəziləri kreslosundan bərk yapışır ki, "Neftçi"yə gəlib düşmüşəm, amandı, hara gedirəm...

- Yenə deyirəm, ümumiyyətlə, qorxu olmayıb məndə. Bunu da deyim ki, ümumiyyətlə, "Neftçi"də kreslom yoxdu, ordan-burdan stul götürüb otururam hələ ki. Yəni, bunu biləsiniz. Heç yandan da yapışmamışıq.

- Ancaq söhbətləşdiyimiz otaqdakı kreslonuz heç də pis deyil...

- O, mənim deyil, görürsünüz divanda oturub sizinlə danışıram. Köməkçim Seymur Rəhimov oturur o kresloda. Onlar qorxurlar, ordan bərk yapışırlar (gülür).  

 

 

 

MEHMAN SÜLEYMANOV