"Neftçi" son 2 turda qələbə üzünə həsrət qalmaqla "Qarabağ"ın artıq onu 3 xal qabaqlamasına şərait yaratdı. İndisə "Neftçi"ni bu mövsüm nəinki məğlub edə, qol belə vura bilmədiyi "Zirə"ylə görüş gözləyir. Komandanın baş məşqçisi Samir Abasovla əlaqə saxlayaraq bir sıra maraqlı məqamlara toxunduq. 

- Komanda rəhbərliyiniz altında ilk dəfə çempionatda ardıcıl 2 turdu qələbə qazana bilmədi. Qəbələ səfərindən sonra futbolçuların psixoloji durumunu qaydasına salmaq çətin olmayacaq?

- Hazırlığa yeni başlamışıq. İstəyirik ki, rahat şəkildə bütün diqqətimizi qarşıdakı matça yönəldək və digərlərini yaddan çıxaraq. Açığı, oyundan sonra komandaya istirahət verdik, bəzi futbolçuları məşqlərdən ayırdıq ki, sakitləşək, özümüz özümüz üçün də analiz edək. Ab-hava normaldı. İnşallah, qələbə qazansaq, inanıram ki, daha yaxşı olacaq.   

- Bunu "Zirə"ylə matçda etməlisiniz. Hansı ki, cari mövsümdə "Neftçi" üçün arzuolunmaz, hətta qol vura bilmədiyi rəqibdi. İndiki vəziyyətdə bu amil psixoloji gərginlik yaradırmı?

- "Zirə"dən fərqli, bu iki matçda xeyli qol vəziyyətinə girdik, amma təəssüf ki, yararlana bilmədik. "Sumqayıt"la matçda bu problem son nöqtəni qoymaqla bağlı idi. Halbuki, bunlar üzərində dəfələrlə işləmişdik. Qəbələdə isə həddindən artıq qol imkanını xərclədik və buna görə indi başımız ağrıyır. Xatırlayırsınızsa, "Zirə"ylə indiyədək bu qədər qol vəziyyətlərinə də girməmişdik. Bu amil bizə çətinlik, problem yarada bilər və bundan da nəticə çıxarmalıyıq.

- "Zirə"nin oyun tərzini gördük - çox qapanır, müdafədə sıxlıq təşkil edir. Nəhayət, bunu yarmaq üçün B planınız varmı?

- Son oyunlarımızdan desəm, "Qəbələ" digər rəqiblərimizdən fərqlidi. Yəni, özü futbol oynayır. Oynayır deyəndə ki, oyun üslubu odu. Necə deyə bilərik ki, o birilər oyun oynamır? Oynayır, kim necə nəticəni qazanır, bu, onlara xas, məxsus olan oyundu, vəssalam. Onu irad bildirməli, müzakirə obyektinə çevirə bilmərik. Buna ixtiyarımız yoxdu, çünki başqa komandayıq. Sadəcə, "Qəbələ" başqa cür oynayır. "Sumqayıt" qapalı oynadı bizimlə. Sadəcə, son nöqtəni qoya, son ötürməni verə bilmədik. Fikrimcə, "Zirə" isə bunlardan daha kompakt, daha dəqiq müdafiə olunan komandadı. Bəli, problem yaranacaq. Oynamamış bilirik ki, yarmaq çətin olacaq. Ancaq bəzi məqamlar var ki, onları məşqlərdə işləməliyik, bunu edəcəyik. İnşallah, daha çox hücum etməli, daha çox hərəkətli olmalıyıq. "Zirə"lə matçlarımıza baxsaq, ilk oyun, xüsusilə birinci hissəni pis keçirməmişdik. Sadəcə, digər rəqiblərlə görüşlərə baxanda, 2-3 qol epizodu yaratmamışdıq. Hansı ki, bu cür komandaya qarşı məncə, bu say da yetərlidi. Təki, onlardan heç olmasa birini istifadə edə biləsən. Bu vaxta kimi bacarmamışıq. Ümid qalır son oyuna, görək bu həftə nə olacaq.

- Yəni, "Neftçi" "Zirə"ni təəccübləndirəcək futbol, hücumda sürpriz edəcək oyun göstərə biləcəkmi? Çünki monoton oyunla qəsəbə təmsilçisinin qapısına yol tapa bilmədiniz...

- Hər komandaya qarşı bir cür oynamalısan. Ancaq onu da dəqiq deyə bilərəm ki, son oyunlarımıza baxsaq, addım-addım artım görə bilərik, həddən artıq yaxşı hücumlar yarada, irəlidə hərəkətli ola, hücumda çoxala bilirik. Bunun pis tərəfi odur ki, özümüz buna görə cəzalanırıq. Amma bir-birimizi həddən artıq yaxşı tanıyırıq. Çünki çox qarşılaşmışıq. Buna görə bir şey eləməlisən. Çalışacağıq ki, bunu edək.

- "Zirə"ni bu ay sıx oyun qrafiki gözləyir. Çünki yarımfinalda da iştirak edəcək. Düşünmürsünüz ki, indi daha çox Kuboku fikirləşdiyindən, hardasa çempionata o dərəcədə diqqət yetirməyəcək?

- Yox-yox. Mən tanıdığım Rəşaddırsa, onu eləməz, inanmıram. O, hər bir şansdan yapışacaq. Hansı düşəcəksə, ondan istifadə edəcək. Onlarda Kuboka hələ çox var. Bu gün 3-cü pillədə olan komanda niyə o yeri itirməklə barışsın? Çünki axı, Kubokda bilinmir ki, keçəcək, ya yox. Ona görə də nə gücləri var, qoyacaqlar. Buna yüzəyüz əminəm.

- Yeri gəlmişkən, çempionluq uğrunda mübarizədə rəqibiniz "Qarabağ" da bu ay sıx qrafikdə çıxış edəcək. Sizcə, "Neftçi"nin Kubokda olmaması yüklənməmək baxımından ona üstünlük verirmi?

- Bu tur keçdikdən, onlar Kubok oynayandan sonra bu haqda bir şey deyə bilərəm ki, işimizə yarayır, ya yox. Ancaq orda yoxuqsa, öz problemlərimizi fikirləşirik. Başımız elə ağrıyır ki, ancaq nə edəcəyimizi düşünürük. Bu gün kim Kubokda oynayır-oynamır - bunlar bizim üçün ikinci dərəcəli məsələdi. Elə tsiklə, girmişik ki, kimin əlində nə şans var - bugünkü günə, sabahkı günə, Kuboka - onu istifadə etməyə çalışacaq.

- Premyer Liqamızın bombardiri olan Namiq Ələsgərov qayıdır "Zirə"ylə matçda. Onsuz "Neftçi" necədi - çoxmu yeri görünür?

- Hər bir futbolçu bizə çox vacibdi - istər Namiq olsun, istər başqası. Yetərlidi ki, onun yerinə çıxan futbolçu özünü yaxşı tərəfdən göstərə bilsin. Əfsuslar olsun ki, bəzi məqamlarda bu, baş vermir. Doğrudan da bizə başağrı olur, həddən artıq fikirləşməli oluruq. Həmin futbolçunun olmamağını da dərd edirik. Məncə, bu, tək bizim klubun problemi deyil, ümumi futbolumuzda olan situasiyadı. Əldə olan imkanlardı ki, 2-3 keyfiyyətli futbolçu götürməməyimiz bəlkə təsir göstərir. Qəbələdə Ələsgərovun olmamağını deyirlərsə, bəlkə kimlərsə də haqlıdı - bu qədər qol epizoduna girdik, Namiq onlardan bir neçəsini, lap birini vurardı. Xoş tərəf bu idi ki, doğrudan da yaxşı oyun keçirdik, qol vəziyyətləri yaratdıq. Əfsuslar olsun ki, vura bilmədik. Tək Namiqin yox, hər bir futbolçunun yeri görünür. 

- "Zirə"yə qarşı ilk dəfə Keysuke Honda oynayacaq. Bəlkə hücumda rəngarəngliyi, sürprizi ondan gözləyək? 

- Ola bilər. Honda debütdə 45, keçən görüşdə 90 dəqiqə oynadı. O, nəinki məndə, bütün azarkeşlərdə, futbol adamlarında xoş təəssürat oyatdı. Doğrudan yaxşı oyun sərgilədi. Verdiyi kəskin ötürmələr bəlkə "Zirə"ylə oyunda bizə kömək edər. Orda qolları vursaydıq, bəlkə Honda daha çox önə çıxardı. Amma bu gün tək bu futbolçumuzu yox, bütün komandamızı fikirləşirik. Tək Keysukenin yox, hansısa futbolçunun oynayıb-oynamamağı hələ dəqiq deyil. İndidən deməyək ki, kimsə oynayacaq, ya yox. Çünki hələ tezdi bu haqda danışmaq. Bu gün Namiq də qayıdır, Mamadu Kane də. Bu, bizə yaxşı rotasiyalar etməyə, yaxşı heyət qurmağa imkan verir. İnşallah, həftəiçi heç nə olmaz, yaxşı bir şans yaradır bizim üçün. 

- "Qarabağ" kimi komandayla çempionluq mübarizəsində 3 xal geri qalmaq çoxmu üstünlükdü rəqib üçün? Səsinizin tonundan hiss olunan ruh düşkünlüyü bununla bağlıdı?

- Yox, belə bir şey yoxdu. Sadəcə, neçə gündü məşqlərə, oyunlara diqqətlə baxmaq, həddən artıq adamı yorub. Bilirsiniz, necədi - tamamilə fərqli iki komandayıq. İki çempionluğa oynayan komanda, fərq nədədi? Biri mövsümün əvvəlindən qarşısına məqsəd olaraq qoyduğu, biri də gedişatında çempionluğa nail olmaq istəyən komanda. Bu, tamamilə fərqli bir şeylərdi. Bu gün bu vəziyyətə gəlib çıxmasaydıq - hansını ki gətirib çıxarmışıq - başqa söhbətlər olacaqdı. Bizi bəlkə də arxamızda gedən 2-3 komandadan biriylə bir yerə  qoyacaqdılar. İndi isə tamam fərqli bir vəziyyətdəyik, bizi çempionluğa namizəd görürlər. Hardasa bu vəziyyəti özümüz o hala gətirib çıxarmışıq. Təsəvvür edin ki, "Qarabağ"a 0:6 uduzan komandadan indi "Qarabağ"la yan-yana gedən komandaya kimi gəlib çıxmaq - bunun özü böyük bir işdi.

- Tamamilə haqlısınız...

- Əlbəttə, bu 3 xal fərq yox, xallar eyni olsaydı belə, yenə bizim üçün problem olacaqdı. Reallığı deyək ki, çempionluğu istəyirik, buna görə can yandırırıq, heç kim deyə bilməz ki, o istəmir, o əl-qolunu salladı, ay "Neftçi" oynamadı. Xoş tərəf də budu. Pis oyun ola, hansısa futbolçi zəif oyun sərgiləyə bilər. Udmaq üçün doğrudan hər şey edirik, vallah, edirik. Görünən odur ki, futbolçular özləri də canını qoyurlar. Bu yöndə heç birinə bir irad yoxdu. Məncə, sizdə də yoxdu.

- Bəli, elədi...

- Fərqimiz odur ki, neçə ildi bu yolu keçən, bu vəziyyətə düşən komandaya qarşı oynayırıq, rəqabət göstəririk. Heç kim deyə bilməz ki, çıxdığımız rəqibləri "Neftçi" yüzdəyüz udacaq. Ancaq "Qarabağ"la bağlı hamı əksini deyər. Bax, fərqimiz bundadı. Ancaq nə o deyənlərlə barışası deyilik, nə də "Qarabağ" bizi 3 yox, lap 6 xal keçəsi olsa, onunla. Əlimizdən gələnin ən yaxşısı etməyi fikirləşirik. Bu, nədi - çıxıb həftəsonu oyunda qalib gəlmək. Buna görə hamılıqla hər şeyi edəcəyik.

- Yəni, "Zirə"ylə xal itirsə "Neftçi", sonrakı 4 matçını səfərdə keçirməklə işinin daha da çətinləşməsinə baxmayaraq, çempionluq marafonunda iddiasını sonadək davam etdirəcək?

- Bəli, sonadək mübarizəni aparacağıq. Bəlkə bu, bizim üçün bir komanda quruculuğunda təcrübə olacaq ki, səhvləri yavaş-yavaş aradan götürək. Bu gün bu yerə gəlib çatmışıqsa, bizə təsir göstərən Qəbələdəki 2 xal yox, bu vaxtdadək itirdiyimiz xallar də təsir göstərir, razılaşın bizimlə. Ordan bura gəlib çatmışıq "Qarabağ"la eyni xala. Necə olursa-olsun, heç bir matçda əl-qolumuzu sallamayacağıq. Bizimlə yanaşı, rəqiblərin də necə oynamasından çox şey asılıdı. Onların itirdiyi xallar nə qədər bizə necə təsir edəcək yaxşı tərəfdən, bunlar da bir reallıqdı. İnşallah, hər həftəsonu nəyəsə yaxınlaşacağıq. 

 

 

MEHMAN SÜLEYMANOV