"Şahdağ Qusar"da sənədlərlə bağlı müəyyən gecikmələr və mexaniki səhvlər olmuşdu. Bəzi məsələlərdə səhlənkarlığa yol verilmişdi".

 

Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada çıxış edən "Şahdağ Qusar"ın idman direktoru Məhəmməd Bədəlbəyli deyib.

 

Klub rəsmisi AFFA İntizam Komitəsinin ona töhmət verməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

 

"Yanlışlıqları sonradan aradan qaldırdıq və lazımi düzəlişləri etdik. Burada hansısa qəsdən edilmiş yanlışlıqdan söhbət getmir. Sadəcə, sənədləşmə zamanı diqqətsizlikdən irəli gələn nöqsanlar baş vermişdi. İntizam Komitəsi ilə görüş zamanı da bu məsələləri açıq şəkildə müzakirə etdik. Mən də öz tərəfimdən etdiyim səhlənkarlığı qəbul etdim. Təbii ki, hər bir qərara hörmətlə yanaşmaq lazımdır. İntizam Komitəsi də məsələyə normal şəkildə yanaşaraq, gələcəkdə belə halların bir daha təkrarlanmaması şərti ilə mənə töhmət verdi. Bizim üçün də bu, müəyyən mənada dərs oldu. Bundan sonra sənədləşmə və bu kimi digər məsələlərə daha diqqətli yanaşacağıq. Çalışacağıq ki, gələcəkdə hər hansı gecikmə və ya mexaniki səhvə yol verilməsin və klub olaraq bütün prosedurlara daha ciddi riayət edək".

 

Qeyd edək ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla liderdir.