Azərbaycan və Rusiya klubları indiyədək həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə çox matçda qarşılaşıb. Sport24.az xəbər verir ki, təmsilçilərimizin bunadək son qələbəsi də məhz "Neftçi"ylə yoldaşlıq görüşüylə bağlıdı.

Belə ki, "ağ-qaralar" çempion olduğu 2021-ci ildə Çempionlar Liqasına hazırlaşarkən Avstriyadakı təlim-məşq toplanışında son yoxlama matçını Moskva "Spartak"ıyla keçirmişdi. İyunun 29-da Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə Namiq Ələsgərov açmış, 44-cü dəqiqədə rəqib Mixail İqnatovla tarazılığı bərpa etmişdi. Lakin "Neftçi" fasiləyə hesabda öndə yollana bilmişdi. Belə ki, legioner Harramiz Soares 45+2-ci dəqiqədə rəqib qapısına yol tapmışdı. Bu, eyni zamanda yekun nəticə olmuşdu.

Həmin vaxt "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasov və bir çox futbolçu hazıda komandada deyil. Rusiyanın son çempionu "Zenit"i "Neftçi Arena"da 2:1 hesabıyla məğlub etdikləri yoldaşlıq görüşünün iştirakçılarından həmin heyətdən qalan Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludovdu. 

Avstriyadakı matçdan sonra bu 2 ildə Azərbaycan və Rusiya klubları həm avrokubok, həm də yoxlama matçı səviyyəsində 7 dəfə görüşmüş və qələbəmiz olmamışdı. Son olaraq həmin "Spartak"la "Neftçi" hazırkı ruminiyalı baş məşqçisi Ardian Mutunun dönəmində qarşılaşmış və Moskvada 0:2 hesabıyla yenilmişdi.