"Keşlə" son turun ən böyük sensasiyasına imza atmağa çox yaxın idi. Ancaq "Qarabağ"la ev matçının 90+2-ci dəqiqəsində penalti zərbəsindən buraxdığı qol bunu reallaşdırmağa imkan vermədi. Həmin görüşdə artıq 7-ci dəqiqədə erkən qolla fərqlənən "Keşlə"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Sport24.az-ın suallarını cavablandırıb.  

- "Qarabağ"la matçda sensasiya etmək üçün cəmi 1 dəqiqə dözmədiniz. İndi soyuq başla analiz edəndə, hansı qənaətə gəlirsiniz - son anda nə mane oldu liderdən 3 xal götürməyinizə?

- Bilirsiniz ki, bu, birinci dəfə deyil başımıza gəlir. Bir neçə oyundu heç-heçə edirik və həmişə hesabı açaraq sonda buraxdığımız qolla qələbəni əldən veririk. Bu, komandaya həqiqətən çox pis təsir göstərir. Hardasa boşluq, şanssızlıq deyim - bilmirik. Amma təbii ki, belə davam etməyəcək. İnşallah, gələn matçda məqsədimizə çatarıq. Əslində, hər bir görüşə qələbə üçün çıxırıq. Ancaq son dəqiqələrdə bunu qaçırmağımız doğrudan pis şeydi. Son matçdakı penaltiyə gəlincə, bu, doğru qərarı idi. Oyun anında hakimə narazılığımızı bildirə də bilərik, bu, normal bir şeydi. Ancaq sonra epizodun təkrarına baxanda, hakimə haqq veririk. İnşallah, növbəti turda fərqli nəticə qazanarıq. Çünki xeyli xal itirdiyimizdən buna nail olmaq bizə çox önəmlidi.

- Baş məşqçiniz Sənan Qurbanov belə arzuolunmaz ssenarini sanki lənətlənməyinizlə izah edir...

- Təbii ki, futbolda şanssızlıqlar da olur, səhvlər də. Çalışırıq ki, bu xətalara yol verməyək, yaxşı nəticəyə nail olaq. Sənan müəllim həqiqətən hər şeyi bilən məşqçidi, çalışırıq verdiyi tapşırıqları da tam yerinə yetirək. Bunu yüzdəyüz etməsək də - çünki asan bir şey deyil - hər halda, son turda çox gözəl oyun göstərdik. Nəzərə alaq ki, vaxt azdı, baş məşqçimiz yeni gəlib. Hamı bilir ki, komanda hansısa bir taktika üzərində işləyirsə, buna vaxt lazımdı. İnşallah, yaxşı nəticələr qazanacağıq, buna inanıram. 

- "Qarabağ" kimi güclü müdafiəsi, etibarlı qapıçısı olan komandaya qol vurmaq heç də asan deyil. Buna nail oldun. Həmin epizodu necə xatırlayırsan?

- Əsas məsələ istəyin çox olması idi. Məncə, bu, qıraqdan görünürdü. Bildiyiniz kimi, "Qarabağ" çox yaxşı komandadı və ona qarşı oynamağın motivasiyası daha yüksəkdi. Tək məndə yox, bütün futbolçularımızda istək böyük idi və bu, vacib amildi. İstək nə qədər artıq olarsa, qol da vurarsan, qələbə də qazanarsan. 

- Bizdə adətən "Qarabağ"la "Neftçi"yə qarşı istək, motivasiya böyük olur, digərlərinə isə yox. Futbolçularda niyə belə ayrıseçkilik olsun?

- Yox, təbii ki, onlara qarşı da istək olur. Neçə oyundur nəticə qazana bilmirik və istənilən halda, hər matça yüksək motivasiyayla çıxırıq. Nə olursa-olsun, komandada istəyin olması kənardan görünür. 

- "Keşlə"nin hücum xətti yaxşı olsa da, bombardiriniz 4 qolla sol cinah müdafiəçisi Azər Salahlı idi. İndi ona çatdın. Arxa xətt oyunçunuzun ən sərrast futbolçu olması hücum planının bir üzvü kimi sənə necə təsir göstərir?

- Futbolda belə hal da olur. Standart vəziyyətlərdə müdafiəçilər ucaboylu olduqlarına görə bundan istifadə edərək qol vururlar. Maşallah, göz dəyməsin, Azər yaxşı formadadı, özünü həm oyun, həm də qol baxımından göstərir. Təki qolu o vursun, ancaq nəticəni qazanaq (gülür). Önəmli olan budu. Onu da nəzərə alaq ki, hücumçumuz Anatoli Abanq komandaya sonradan gəlib. Qol vurmasa da, görünür ki, irəlidə çox iş görür. 

- Liderlərinizdən olan Sezar Meza Kolli son matçda zədə üzündən yox idi. Onun yoxluğu komandaya, şəxsən sənin oyununa necə təsir göstərir?

- Sezar çox yaxşı futbolçudu, onunla oyunda bir-birimizi çox yaxşı başa düşürük. Təbii ki, meydanda olsaydı, daha yaxşı olardı. Amma zədəlidi deyə meydana çıxa bilmir. İnşallah, gələn oyuna hazır olar, daha yaxşı çıxış edərik. 

- Bəlkə Sezar olmayanda, əl-qolun daha yaxşı açıldığından, oyunun daha yaxşı alınır, ön planda olduğundan, sənə daha rahat olur? Hər halda, ikiniz də oyun qurucusunuz və Meza Kollinin kölgəsində qalmağın mümkündü...

- Belə düşünmürəm. Çünki Sezar olanda da oynamışam, normal olub. Statistika da göstərib ki, hər şey yüksək səviyyədə alınıb - qol da vurmuşam. Onun meydanda olmağı oyunuma heç bir mənfi təsir göstərmir, əksinə, daha yaxşı təsir edir. Sezarın potensialı çox yüksəkdi, vaxtlında ötütrmə də verə bilir, yaxşı açıla da. Ustalığı yüksək olduğundan, mənə onunla oynamaq daha asandı. İkimiz də birgə meydanda olanda ya o, cinahda oynayır, mən mərkəzdə, ya da əksinə. Burda belə bir durum yoxdu ki, kimsə kiminsə kölgəsində qalsın. Rəqabət olmalıdı hər birimiz çox çalışaq ki, ehtiyatda qalmayaq. Mübarizə olanda inkişaf da gedir. Heç bir futbolçu özünə əmin olmamalıdı ki, mən oynayacam. Belə bir şey yoxdu. 

- Çempionatda yalnız son dövrə qalıb və son yerdə gedən "Keşlə"nin avrokuboklara vəsiqə verə bilən 4-cü pilləylə arasında çox - 11 xal fərqi var. Düşünmürsünüz ki, artıq bütün diqqəti Kuboka yönəlməyiniz daha məqsədəuyğun olardı?

- Təbii ki, əsas şansımız Kubokdu. Həqiqətən bu haqda çox fikirləşirik, ciddi bir şəkildə hazırlaşırıq. Amma bu, o demək deyil ki, xalımız aşağıdı deyə hansısa bir oyuna həvəssiz çıxaq. Elə bir şey yoxdu. Qarşıda oyunlar hələ çoxdu və hamısına qələbə üçün çıxacağıq. Bu zaman istənilən nəticə qeydə alına bilər. Fikrimcə, bir neçə oyunda qələbə qazansaq, hansısa pilləyə yüksələ bilərik. Yəni, hər pillə önəmlidi, hər birinin öz yeri var. Buna görə çalışacağıq nə qədər imkan var, maksimum qələbə qazanaraq turnir cədvəlində yuxarı qalxaq. 

- 5-ci pillə avrokuboklara getmirsə, 5-ci, yaxud 6-cı və 7-ci olmağın nə fərqi var?

- Çoxdu, mənim üçün çoxdu. Çünki soruşanda, biri var deyəsən çempionatı 6-cı, biri də var 5-ci pillədə bitirmisən. 1 pillə də olsa, mənim üçün önəmlidi, ora qalxmaq üçün canımı qoyaram.

- Növbəti turda elə Kubokdakı rəqibiniz "Zirə"ylə görüşəcəksiniz. Zirədəki matçda bütün kartlarınızı açmayacaqsınız ki, bunu yarımfinalda edəsiniz?

- Yox-yox, elə bir şey olmayacaq. Bütün gücümüzlə çıxacağıq. Çünki növbəti matçadək dincəlməyə, bərpa olunmağa, köklənməyə yetərincə vaxtımız olacaq. Bu üzdən güc saxlamaq deyilən bir şey yoxdu.

- "Qarabağ"la "Neftçi"yə qarşı oynamısan da, qol da vurmusan. Hansı komandanı çempionluğa ən şanslı sayırsan?

- Heç bir şans itməyib. Hər iki komandanın səviyyəli futbolçuları var. İstək çox önəmlidi, sadəcə, çox istəmək lazımdı. Futbolda hər bir nəticə mümkündü. Deyə bilmərəm ki, kim çempion olacaq. Bildiyiniz kimi, "Keşlə"yə icarəyə gəlmişəm, müqaviləylə "Neftçi"nin futbolçusuyam. Bu üzdən onun çempion olmasının istəməsini deyə bilərəm. Başqa cür fikrim yoxdu. Ancaq kim layiqdirsə, inşallah, o da olar.

- "Neftçi" liderliyi itirərək "Qarabağ"dan 1 xal geri düşdü, üstəlik, son dövrədə daha çox səfərdə çıxış edəcəyindən ağır təqvimi var. Necə düşünürsən, Samir Abasovun komandası toparlana biləcəkmi?

- Əlbəttə, çünki cəmi 1 xal fərqi var. Bu üzdən hələ heç nə bilinmir. Öz aralarında oyun da qalıb. Onda qələbə qazanıb çempion olmaq mümkündü. Arada 6-7 xal fərqi yoxdu ki, deyəsən, şans çox azdı. Səfər matçlarının çox olması isə fərq eləməz. "Qarabağ"ın da rəqib meydanında qarşılaşmaları olacaq. Eyni vəziyyətdi, hər oyuna ciddi yanaşıb qələbə qazanmaq lazımdı.

- Hazırda karyerandan nə dərəcədə razısan? Yayda "Neftçi"yə qayıtmağı düşünürsən, yoxsa rəqabət güclü olduğundan oyun praktikası qazanmaq üçün yenə "Keşlə"də və ya başqa klubda icarədə çıxış etməyi üstün tutacaqsan?

- Rəqabətdən qorxmuram, problem o deyil. Sadəcə, bu haqda nəsə deməyim çox tezdi. Çünki hələ 7 tur var, bu haqda fikirləşmirəm indi. Hal-hazırda "Keşlə"də icarədə olsam da, qarşıdakı oyunlarımızı düşünürəm. Müqaviləmin bitməsinə yaxın təbii ki, "Neftçi"ylə danışıqlar aparacağıq. Baş məşqçi Samir Abasov desə ki, bəli, istəyirəm, gəl, onda komandaya qoşulacam. Desə ki, yox, istəmirəm, yollarımızı ayıracağıq, yaxud yenə icarəyə gedəcəm. Hələ bilmirəm necə olacaq, çünki bu haqda danışmaq tez olduğundan bir firkim yoxdu. 

 

 

MEHMAN SÜLEYMANOV