Hər zaman xüsusi diqqət mərkəzində olan "Neftçi" üçün cari çempioatda nəticə uğursuz oldu. Hər halda, bürünc medal 86 yaşlı klub üçün çox zəif nəticədi. Qalır mövsümü xilas etmək üçün ölkə Kubokuna sahib olmaqla titul qazanmaq. Bu və digər məqamlarla bağlı "Neftçi"nin 1 ildir baş məşqçi postunu etibar etdiyi rumıniyalı mütəxəssis Laurentsiu Regekampfla klubun bazasında görüşərək geniş söhbətləşdik. 

 

"Hər mövqedə 2 güclü futbolçumuz olmalıdı"

 

- Rege mövsümün sonuna yaxın "Neftçi"nin baş məşqçisi kimi özünü necə hiss edir?

- İlk öncə onu deyim ki, mövsüm hələ bitməyib və hələ qarşıda 3 oyunumuz var. Çox vacib matçlardı. Amma yaranmış vəziyyətlə razı ola bilmirəm. Çempionat boyu çoxlu problemimiz olub ki, hansıları ki çalışmışıq həll edək. "Qarabağ" və "Sabah"la mübarizədə onlara baxanda çox xal itirdik. Zədəli futbolçularla, oyunçu səviyyəsi ilə bağlı xeyli problemimiz oldu. Burda oynayan futbolçular haqda danışmıram. Çünki yaxşı oyunçularımız da var. Amma bəzi futbolçular var ki, səviyyələri yaxşı olsa da, mövsüm boyu zədələrlə bağlı çoxlu problem yaşadılar. Fikrimcə, hər bir futbolçu hər bir oyunda maksimununu etməyə çalışdı. Digər komandalarla müqayisədə vəziyyətimizə baxanda heç də xoşbəxt deyilik. Əminəm ki, bu problemlər gələn mövsüm baş verməyəcək. Yeni mövsümdə daha güclü olacağıq. Daha çox futbolçu cəlb edəcəyik komandaya. Və gələn mövsüm üçün qarşımzıda olan məqsəd titul uğrunda mübarizə aparmaqdı. 

- "Qarabağ"ın çempioluq hegemonluğuna son qoya biləcək güclü "Neftçi" görə biləcəyik? Ən azından qızıl medallar uğrunda mübarizə apara biləcək komanda?

- Düşünmürəm ki, növbəti mövsümdə yalnız "Qarabağ" haqda danışmalıyıq. Eyni zamanda "Sabah" da çox güclü komandaya çevrilib. Bu komandalarla başabaş mübarizə aparmaq üçün daha güclü olmalıyıq. Ehtiyat skamyamızda güclü futbolçular olmalıdı. Məşqlərin səviyyəsində də inkişaf etməliyik. Məşqlər o zaman daha səviyyəli olur ki, heyətdə eyni səviyyəli çox futbolçu olur. Fikrimcə, hər mövqedə 2 güclü futbolçumuz olmalıdı. Çünki bir futbolçu yaxşı formada olmayanda, onu əvəzləyə biləcək daha güclü oyunçu olmalıdı ki, formadan düşəndə özünü yenidən göstərə bilməsi üçün öz vaxtını gözləsin. Bu mövsümə nəzər yetirsək, bu şans bizdə demək olar olmadı. Bizdə futbolçular arasında rəqabətin olması lazımdı. 

- Zədəni başa düşdük, bu, təkcə futbolda yox, idmanda da qaçılmazdı. Bəs, heyəti lazımınca komplektləşdirə bilmədiyinizi də etiraf edirsiniz? Niyə belə olsun ki, "Neftçi" yaxşı büdcəsi olduğu halda, rəqabətədavamlı komanda yarada bilmir?

- Büdcə və dediyiniz mövzü haqda danışmaq fikrim deyil. Klub prezidentinin və idman direktorunun yanındayam. Birliklə çalışırıq və birlikdə işləyirik ki, bu komandanı daha da güclü edək. Demək olar komandada olan problemlər haqda gündəluk danışırıq. Bərabər şəkildə çalışırıq ki, problemlərin həlli yollarını tapaq. Eyni zamanda yaxşı komandada stabillik olmalıdı. Səndə yaxşı büdcə olmalıdı və o büdcəyə sığışmalısan. Görməzsiniz ki, mətbuat konfransında nəsə tələb edim, istəyim. Heç vaxt bunu eləmirəm. Klub prezidenti və idman direktoruyla danışmışam, istəklərimi bildirmişəm daha yaxşı olmaq üçün. Amma mən də başa düşürəm ki, bizdə bəzən limitlər olur. Ona görə çalışıram ki, bu problemləri daxildə həll edək. Çoxlu planlar qururuq. Əminliklə deyə bilərəm, həm klub prezidenti, həm də idman direktorumuz öz tərəfindən lazımı qədər iş görürlər ki, komandanı lazımı səviyyəyə qaldıra bilsinlər.

 

"Görürəm ki, yeni mövsümdə daha sərt olmalıyam"

 

- Onda sizə aid olan hissədən danışaq. "Neftçi" niyə bu gündədi? Oyun dəst-xətti yox, nəticə bərbad, istək sezilmir...

- Son oyunları nəzərdə tutursunuz dəst-xətt planında?

- Təkcə son oyunlarda yox, mövsüm boyu də bu görünürdü. Möhtəşəm "Neftçi" görmədik sizin bu 1 ilinizdə...

- Düşünürəm ki, çox məqam var harda futbol oynamağı bildiyimizi, bacardığımızı göstərə bilmişik. Hər gün futbolçularımla danışanda, mütəmadi onlara siqnalımı çatdırıram ki, 3-cü yerdə qərarlaşmalı deyilik, bizim mövqe bura deyil. Buna görə bayaq vurğuladım ki, bizə hər mövqedə rəqabət lazımdı futbolçuların inkişaf eləməsi üçün. Futbolçu bilməlidi ki, öz səviyyəsindən aşağı çıxış edirsə, onda gəlib yanımda oturmalıdı. Buna görə hazırda bu cür problemin həlli yolu yoxdu. Oyunlarda mənə çətindi 6-7 gənc futbolçunu buraxaraq yaxşı komandalara qarşı çıxış edim. İstəyirəm ki, bu gənc futbolçular daha güclü səviyyəyə gəlib çıxsınlar. Onlara daha çox özünəinam, şans verim ki, daha güclü komandada inkişaf etsinlər. Buna görə söhbətimizin əvvəlində vurğuladım ki, qarşıdakı mövsümdə bu cür problemlərimiz olmayacaq. Oyun başlayanda "Neftçi" bu cür futbolçulara çox şey verib - adıyla stress. Çox güclü, çox sevilən komandadı və ənənələri var. Təbii ki, fanatları var, hansılar ki, "Neftçi"yə görə ölməyə hazırdırlar. Buna görə "Neftçi"də oynayada həmişə fərqli olur başqa klubla müqayisə edəndə. Çünki qarşında rəqib və arxanda klubun tarixi var. O üzdən hər oyuna çıxanda yüz faiz hazır olmalısan, sona qədər mübarizə aparıb komanda üçün hər şeyi verməlisən. Və bu hər matçda mütəmadi baş verməlidi. 

- Komandanızla bağlı əsas məsuliyyət bir baş məşqçi kimi sizin çiyinləriniz üzərinizdədi. Bunu nə dərəcədə daşıya bilirsiniz? Ən əsası, səmimi olaraq hansı xətalarınızı etiraf edərdiniz?

- Öncə onu demək istəyirəm ki, futbolçular haqda danışanda, özümü onlardan qırağa qoymuram. Yəni, özümü onlarla eyni "qazan"da hiss edirəm. Futbolçular haqda danışanda, ən birinci özümü qoyuram. Fərq qoymuram, hamımız eyni kollektivik. Deyərdim bəzən elə məqamlar var oyunun gedişatında futbolçularla bağlı hansısa səhvlər edirəm. Onların elədiyi hər bir səhvə görə məsuliyyət məndədi. Misal üçün "Qarabağ"la son səfər matçımızı yada salmaq istyəyirəm, 1:0 hesabda irəli idik, 88-ci dəqiqədə qol buraxdıq. Həmin matçda yaxşı oynamışdıq, Onu da demək istəyirəm ki, bəzən matçın gedişində oyun boyu daha sərt olmalıyam. Hər bir şeylə - istər hakimlərlə, istərsə də ətrafda baş verən hər bir şeylə. Çünki görürəm ki, burda bu, çox vacib amildi. Məndə bir az fərqli üslubdu. Çalışıram ki, hər bir adama, hər birinin işinə hörmətlə yanaşım. Eyni zamanda sizə və bütün mediaya hörmətlə yanaşıram. Çalışıram həmişə açıq olum, ancaq məndə də limitlər var. Çalışmıram ki, ağıllı davranım, çalışıram futbolçularımı və daxildə baş verənləri qoruyum. Çünki burda vəzifəm "Neftçi"ni hazırlamaq və onu qorumaqdı. 

- Belə çıxır ki, yeni mövsümdə hakimlərə, medaiaya qarşı daha sərt, qəzəbli Regeni görəcəyik?

- Medianı deməzdim, çünki sizlərlə heç bir problemim yoxdu, dalaşmıram. Hər birinizin hüququ var ki, fikirlərinizi bildirəsiniz. Necə ki mənim də hüququm var fikirlərimi bildirməyə. Fikirlər haqda müzakirə apara bilərik. Amma bu, o demək deyil ki, dalaşırıq. Sizə, işinizə hörmətlə yanaşıram. Hakimlərə, oyun ətrafında baş verənlərə qarşı bəlkə deyərdim dəyişərəm, daha sərt olaram. Bu cür istəklərimi yerinə yetirmək üçün komandam lazımdı. O komanda ki, mənə gücü verəcək bunları edə bilim. Mən də eyni zamanda onlar üçün hər şey edəcəm. 

 

"Əminəm ki,  "Neftçi" yeni mövsümdə daha güclü komanda olacaq"

 

- Ardıcıl 5 çempionat oyununda qalib gəlməyən "Neftçi" kimi klubun rəhbəri olsaydınız, bu cür məzmunsuz oyun və utancverici nəticələrdən sonra baş məşqçiylə yolları davam etdirərdiniz?

- Bir məşqçi ilə yollarını ayırmaq istəyirsənsə, düşünmürəm ki, bunu son 5 oyuna bağlamaq lazımdı. Sizinlə eyni səhifədə deyiləm. Hüququnuz var və haqlısınız onu deyəndə ki, "Neftçi" hər oyunda qələbə qazanmalıdı. Burda sizə haqq qazandırıram. Amma hazırda futboçuların beynində daha çox Kubokun final oyunudu, Kuboku götürməkdi. Yenə deyirəm ki, sizə söylədiyim bu, hansısa bir səbəb deyil, bir həqiqətdi. Bu mövzu haqda danışmışıq və qarşıdakı oyunda daha fərqli "Neftçi" görəcəksiniz. Özümüzü çox yaxşı tərəfdən göstərməliyik - həm "Kəpəz"ə, həm də "Sabah"a qarşı. Bundan sonra daha sağlam, konsentrasiyalı şəkildə final matçına kökləməliyik. Bəlkə hansısa bir futbolçu zədələnsə və Kubokda iştirak edə bilməsə, bu, bizə problem ola bilər. 

- Finaldan çox danışırsınız. Başa düşürəm ki, tituldu. Ölkə Kuboku qazansanız, mövsümü xilas etmiş olacağınızı düşünürsünüz?

- Elə danışmalı deyilik. Belə fikrilə razı deyiləm. Bundan öncə də demişəm ki, bizim üçün hər bir matç vacibdi. Eyni mesajı oyunçularıma da verirəm, ötürürəm. Daha güclü olmalı və komanda şəklində daha yaxşı çıxış etməliyik. Nəsə bir şey qurmaq istəyirsənsə, komandada ən vacib şey stabillikdi. Düşünürəm ki, bir komandada ən vacib amil baş məşqçi amilidi. Öz mövqeyim barədə narahat deyiləm. Futbolçularımıza və daha çox oyunumuza konsentrasiya olmaq istəyirəm. Çalışıram bu komandanı qurum, yeni futbolçular cəlb edək ki, daha güclü olaq. İstəmirəm çoxlu dəyişiklik edək. Bu mövsüm boyu mənimlə işləyən futbolçular artıq məni daha yaxşı tanıyırlar. Yaxşı komanda qurulmasında ən vacib amil stabillikdi. Komandalar var ki, 1 il komanda qurmağa həsr edirlər. Bilirəm "Neftçi"nin fanatları və ənənələri elədi ki, hər zaman nəticə tələb olunur. Başqa ölkələrdən nümunə gətirmək istəmirəm, elə Azərbaycandan nümunə gətirim - "Qarabağ"ı. Bu komandanın belə güclü olmasına lazımı qədər vaxt tələb olub. Onlar bu komandanı bir yerdə qurublar. İllər sonra da daha güclü komanda olublar. Söhbət nə məndən getmir, nə də futbolçulardan, söhbət "Neftçi"dən gedir. Bir daha deyirəm ki, çox vacib amil stabillikdi. 

- "Qarabağ"ı bir kənara qoyaq, bu, Qurban Qurbanovun 15 illik komandasıdı. Bəs, Premyer Liqanın ən gənc təmsilçisi, cəmi 6 yaşı olan "Sabah"dan niyə bu qədər geri qalırsınız? Bu komandayla cari çempionatda 3 görüşdə 1 xal belə almamasınız - buna nə deyək?

- Bu, bizim üçün pozitiv nümunədi. Qısa müddətdə çox güclü olublar. Yaxşı komanda qurublar. Bu da bizi düşünməyə vadar edir ki, qarşıdakı mövsümü necə edəcəyik. Dediyim kimi, hazırkı "Neftçi" daha güclü komanda olacaq.

- Bunə əmilnliyiniz var?

- Bəli, əlbəttə ki, belədi.  

- Nəyə söykənir bu əminlik? Yəni bu, söz xatirinə deyilən sözlər deyil...

- Bilirəm ki, rəhbərliyik komandaya yatırım etmək istəyir. Rəhbərlikdən mesaj almışıq ki, növbəti mövsümdə qarşımıza qoyulan məqsəd yalnız titul - çempionluqdu. Məqsəd də bu olacaq. Buna görə əminliklə deyə bilərəm ki, qarşıdakı mövsüm daha fərqli olacaq bizim üçün. "Neftçi" daha güclü komanda olacaq.

- Bu ağır yükü bir baş məşqçi olaraq daşımağa hazır olacaqsınız? Çünki çempionluğa oynayan komandanın çalışdırıcısı kimi daim təzyiq altında olacaqsınız...

- Buna öyrəşmişəm. Çox titul qazanmağı xoşlayıram. Bütün həyatım boyu təzyiq altında oynamışam və bunu xoşlayıram. Mənim üçün böyük bir çağırışdı. Çox xoşbəxtəm ki, bunu edə biləcəm. Bununla bağlı heç bir problemim yoxdu.

 

"Futbolçular "Neftçi"yə gələndə düşünməli deyillər ki, Bakıya gəlmişəm, vəssalam, nə gözəl şəhərdi, bir az gəzim, istirahət edim"

 

- Tutaq ki, sizi istefaya göndərmədilər. Özünüz necə, mövsümün sonunda "bağışlayın, məndə alınmadı" deyəcəksiniz?

- Yenə deyirəm ki, öz kreslomla bağlı narahat deyiləm. Fikrimcə, hamı anlamalıdı ki, hər şeydən vacib olan "Neftçi"di, onun adıdı. Hər bir an hamı əvəzlənə bilər. Amma heç kim "Neftçi"ni əvəzləyə bilməz. Bura hər kim gəlirsə-gəlsin - istər oyunçu, istər məşqçi, istər funksioner - bilməlidi ki, "Neftçi", onun adı nədi, nə anlamı verir. Oyunçu seçimindən danışsaq, futbolçular "Neftçi"yə gələndə düşünməli deyillər ki, Bakıya gəlmişəm, vəssalam, nə gözəl şəhərdi, bir az gəzim, istirahət edim. Futbolçularla bağlı elə seçim edəcəyik ki, bura gələndə bilsinlər "Qarabağ"a, "Sabah"a qarşı mübarizə aparmaq, onları udmaq lazımdı. "Qarabağ" elə bir komandadı ki, hər il avrokuboklarda, qrupda çıxış edir, böyük təcrübəyə malikdi, güclü futbolçuları var, yaxşı səviyyədədi. Kimisə komandaya cəlb edəndə, bilməlidi ki, Azərbaycan çempionatına gələndə, güclü rəqiblərə qarşı mübarizə aparmalı olacaq. "Neftçi"də çalışan hər bir işçi, futbolçu üçün vacib ola bir şey odur ki, hər şeydən nəsə nəticə çıxarsınlar, nəsə öyrənsinlər. Onlar öz mövqeləri haqda narahat olmasınlar. İşləsinlər və komanda üçün yüz faizlərini versinlər. Finala gəlib çıxmışıq, bu, o deməkdi ki, yaxşıyıq, güclüyük. Bu situasiyada özümüz üçün nəsə bir nəticə çıxarmalıyıq. Bu məqamda qələbə qazanmalıyıq, çünki finalda rəqibimiz nə "Qarabağ", nə də "Sabah" səviyyəsində olan bir komandadı. Demirəm ki, "Qəbələ" güclü komanda deyil. Əlbəttə, güclüdü. Sadəcə, onlara qalib gəlmişik, onlar da bizi udublar. Bu da o deməkdi ki, bizdə şans var Kuboku qazanmağa. İnsanlar, fanatlar da inanır ki, bunu edə biləcəyik. Klubda oynayan futbolçulara, çalışan insanlara öyrətməliyik ki, qələbədən sonra toy-bayram eləmək lazım deyil, məğlubiyyətdən sonra da ölmək. Hamı öyrənməlidi və bununla da komanda inkişaf eləməlidi. Bir mexanizm olmalıdı, elə də vacib amil deyil, prezident, baş məşqçi, futbolçular kimdi. Ən vacib olan amil "Neftçi"di. Hər il nəyisə udursan, nəyisə uduzursan, buna baxmayaraq, baxmalısan, bu mexanizm fəaliyyətdədi? Nəticədə komanda hər il daha da yaxşılaşır, daha da güclü olur. 

- Bu suala baş məşqçi yox, bir "Neftçi" azarkeşi kimi cavab verməyinizi istərdik. Sərgilənən futbola əsasən "Neftçi"nin necə və hansı oyunçusunu növbəti mövsümdə də bu formanı geyməyə layiq bilirsiniz?

- Hələ qarşıda 3 oyunumuz var. Nə istəyirsiniz, kluba nüvə silahı atım? (gülür)

- Yox, bilmək istəyirəm ki, sərəncamımızda olan bütün futbolçular "Neftçi"nin formasını geyinməyi layiqdirlər? Bu forma üçün meydanda canlarını qoyurlar?

- Bundan əvvəl dedim ki, bu heyətə bir neçə futbolçu cəlb edə bilsək, bizim komanda yeni mövsümdə daha güclü olacaq. Futbolçularıma inanıram, onların keyfiyyətinə bələdəm. Bilirəm ki, oyunçularımda bir az rəqabət olsa, daha yaxşı olacaqlar, hər oyun meydanda yüz faiz güclərini qoyacaqlar. Eyni zamanda bu komanda daha güclü olmuş olacaq. Fanat kimi danışa bilmərəm axı...Amma fanatları çox yaxşı başa düşürəm. Bilirəm ki, onlar nəticə üçün "ac"dırlar, titul istəyirlər. İstəyirlər "Neftçi" ən yaxşı komanda olsun. Amma onlar da başa düşməlidi bu prosesi. İndi "Neftçi" rəhbərliyinə yeni heyət gəlib. Hazırda bizdə başqa cür baxış var. Klub üçün hazırda çalışan insanların məqsədləri odur ki, daha güclü "Neftçi" qursunlar, yaratsınlar. Güclü şəxsi heyət - kiçikdən böyüyədək - olaraq əlbəttə, istəyirik ki, peşəkarcasına, çox yüksək səviyyədə çalışaq.  Buna görə bir azarkeş kimi danışa bilmirəm. Əminliklə deyə bilərəm ki, burda olacağım müddətdə bizim komandaya kömək edə biləcəm. Burda olmasam belə, bilirəm klub üçün çalışan hər bir insan əlindən gələni edəcək ki, "Neftçi" daha güclü olsun. İnanın, səmimi deyirəm ki, tamamilə fərqli baxış bucağıdı. Futbol klubu yalnız əsas komandadan ibarət deyil - bu, fanatlar, media, sponsorlar, uşaq futboludu. Amma klubun siması əsas komandadı. Yüz faiz əminliklə deyə bilərəm ki, qarşıdakı mövsümdə məqsədimiz yalnız və yalnız titul - çempionluqdu. 

 

 

"Komandanın nətcəsinə görə məsuliyyəti daşıyan və birbaşa günahkar mənəm"

 

- Əlbəttə ki, tək günahkar siz deyilsiniz. Bəs, sizcə klub rəhbərliyinin günahı nədədi?

- Komandanın nətcəsinə görə məsuliyyəti daşıyan və birbaşa günahkar mənəm. Mən və eyni zamanda oyunçularım bütün bu günahları öz üzərimizə götürürük. Bilirik ki, bundan da yaxşı çıxış edə bilərik. Buna görə indidən deyə bilərəm ki, mənim üçün vacib olan "Sabah"la son oyunumuz, sonra isə "Qəbələ"ylə finaldı. Həmin futbolçuların reaksiyasını görmək istəyirəm. İstəyirəm görüm ki, onlar doğrudan da məni sevirlər, yoxsa yox. Onlar əlbəttə, öz çıxışları ilə məni də ilhamlandıra bilərlər və buna əsasən  növbəti mövsümdə burda qalıb-qalmamağıma dair qərar verim. Rəhbərlik, yeni Müşahidə Şurası hamısı mənə inanır. "Neftçi"ylə müqaviləm hələ 1 il də var. Amma finaldan sonra qərar verəcəm ki, burda qalacam, ya yox.

- Yəni, artıq mesaj verirsiniz ki, bu mövsümdən sonra gedə bilərəm...

- Mesajı yalnız futbolçularıma göndərirəm. Bu, Müşahidə Şurasına, klub prezidentinə deyil. İstəyirəm öz komandamdan görüm ki, qalmağımı arzulayırlar, ya yox. Tituldan, qazanacaqları bonusdan da qabaq görmək istəyirəm ki, yeni mövsümdə "Neftçi"də qalmağımı istəyirlər, ya yox. Əlbəttə, mənimlə yola davam etmək istəyirlərsə, bunu oyunlarına əsasən göstərməlidirlər. Əlbəttə, bu matçlardan sonra Müşahidə Şurasıyla, prezidentlə görüşlərimiz olacaq. Müzakirələr apardıqlardan sonra qarşıdakı mövsümdə nələr edəcəyik, onları danışacağıq. Amma heç kim mənə demir ki, "Neftçi"ni tərk elə. Hamı mənə inanır. Müşahidə Şurasının, prezidentin inamından da daha çox istəyirəm ki, futbolçularım mənə inansınlar, mənimlə işləmək istəsinlər. Bunu istəyirlərsə, mənə bura gəlib söz deməyə ehtiyacları yoxdu, istəyirəm bunları meydanda görüm. Öz oyunları, davranışları ilə mənə göstərsinlər. Hər gün məşqlərdə nələr ediriksə, onları oyunda eləsinlər, yaxşı futbol göstərsinlər. Bu, mənə ümid verəcək ki, yeni mövsümdə onlarla daha istəkli işləyim. 

- Hazırkı "Neftçi" 3 təkərini itirmiş arabanı xatırladır - dığırılanmağa da taqəti yoxdu. Bu futbolla yayda nə baş verə bilər ki, rəhbərliyiniz altında olan "orkestr" avrokubokda "fövqəlkonsert" versin?

- Əzmkar şəkildə çalışmalı, düşüncə tərzimizi dəyişməliyik. Təlim-məşq toplanışı başlayanda lazımdı ki, bütün istədiyim futbolçular, heyət əlinin altında olsun, ilk gündən hazırlıq keçsinlər. Bütün yeni futbolçular "Neftçi"yə "ac" gəlməlidirlər. Mənə lazım deyil yalnız adlar gəlsin. Mənə lazımdı ki, yeni futbolçular gəlib komandamızın gücümə güc qatsın. Və elə transferlər lazımdı ki, lazım olanda hər bir futbolçunu əvəzləyə bilsinlər. Buna görə oyunlar başlayanda futbolçular arasında düzgün rəqabət olmalıdı. Onlar da bu şəkildə çalışmağa başlamalıdırlar. Bakıya gəlib "Neftçi"də oynamaq tətildə olmaq deyil. Çox böyük məsuliyyətdi. Belə futbolçuları cəlb edə bilsək, daha güclü olacağıq.

 

 

"4 iyunadək bütün hamıya ehtiyacım var, hətta avtobus sürücüsünə"

 

- Belə başa düşdüm ki, futbolçulardan sizə lazım olmayan yoxdu? Hətta az oynayalardan?

- 4 iyunadək bütün hamıya ehtiyacım var, hətta avtobus sürücüsünə. Bu tarixdən sonra isə bilmirik nə baş verəcək. Yeni era gələ bilər. "Neftçi" ilə bağlı sizi nədə əmin edə bilərəm və istəyərəm bu mesajı fanatlara ötürəsiiz ki, "Neftçi" gələn mövsüm çox-çox güclü olacaq.

- Yəqin, razılaşarsınız ki, A komandasına ayrılan büdcə minimum gümüş medal qazanmaq üçün kifayət edirdi. Laızkı hazırkı "Neftçi" Hans-Yurgen Gedenin bərbad komadasını xatırladır. Siz onu tanımasanız da, Azərbaycan həmin almaniyalı "mütəxəssis"i heç vaxt unutmayacaq. Gedenin "Neftçi"si isə müstəqilik dönəminin ən bərbad "Neftçi"si idi. Belə bir müqayisə fonunda özünüzü necə hiss edirsiniz?

- Əvvəla, Gedeni tanımıram. Dediyiniz kimi də düşünmürəm. Fikrimcə, bu mövsümdə bizim səviyyədə bəzi nəticələr var ki, bunda narazıyıq. Yenə deyirəm ki, 3-cü yerdə olmağımızdan narazıyam. Amma qarşıdakı mövsüm üçün Konfrans Liqasının planını artıq qura bilərsən. Şans var ki, Kuboku qazanaq. Daha çox şans var ki, yeni Müşahidə Şurasının üzvləriylə daha güclü komanda quraq. Bu mövsüm bizə göstərdi ki, nəyi necə edə bilərik. Deyim ki, bu mövsüm bizim üçün keçid dövrüdü. Yeni Müşahidə Şurası qışda gəlib kluba. Bundan sonra bizə daha çox ümid verirlər ki, daha güclü, daha böyü büdcəyə sahib ola bilərik. Bizə şans verərlər ki, daha keyfiyyətli futbolçular cəlb edək komandaya. Bunların hamısından sonra daha güclü komanda ola bilərik.

- Müşahidə Şurasından çox söz saldınız. Bu qurumun sədri Rövşən Nəcəflə görüşünüzdə sizdə onun barəsində necə bir təəssürat formalaşıb?

- Bəli, onunla danışığım olub. Deyərdim ki, Müşahdə Şurasının bütün üzvlərini çox bəyənirəm. Ona görə bayaq vurğuladım ki, yeni baxış bucağı yaranıb. Tamam fərqli bir şeydi. Ona görə əminliklə deyə bilərəm ki, yeni erada, qarşıdan gələn periodda "Neftçi" qat-qat güclü olacaq. Böyük bir əlaqə, münasibət yaranacaq. Güclü əlaqə olacaq "Neftçi" camiəsi arasında. Düşüncə tərzimə və güclü komanda düşüncəsinə görə sadaladığım amillər çox vacibdi. Fanatlar meydanda "12-ci oyunçu"du. Onlar hər zaman klubun bir üzvü, parçası olmalıdı. Uşaq futbolu, akademiya da vacib amildi. Çünki hər an ordan futbolçular cəlb edə bilərsən komandaya. Media da çox vacib amildi, çünki bir şeyi onun vasitəsilə çatdıra bilirsən. Onu lazımı məlumatla təmin etməliyik. Bütün bu amilər istədiyimiz kimi fəaliyyət göstərsə, bu komanda daha güclü olacaq. Bu şeylərin hamısının reallaşmasının vacibliyini yeni rəhbəriklə söhbətimdən sonra gördüm. Gördüm ki, ilbəil daha peşəkarcasına çalışmaq istəyirlər.

 

 

 

MEHMAN SÜLEYMANOV