"Qəbələ" ilə qarşılaşma gərgin idman mübarizəsində keçdi. Görünən o idi ki, nə biz, nə də rəqib olmaq istəmirdi. Təəssüf ki, sonda sevinən tərəf məhz onlar oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Rauf Hüseynli deyib.
25 yaşlı cinah oyunçusu evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 26-cı turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Təəssüf ki, əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Rəqib isə yaxaladıqları şanslarından maksimum istifadə etdi. Belə olanda isə məğlubiyyətdən qaça bilmədik".
Hüseynli ilk qolu diqqətsizlikdən buraxdıqlarını sözlərinə əlavə edib:
"Diqqətsizlik nəticəsində ilk qolu buraxdıq. Oyunun sonunda hesabı bərabərləşdirmək üçün irəli atıldıq, lakin rəqib bundan istifadə edərək əks-hücumda fərqləndi. Qarşıda "Karvan-Yevlax"la matç var. Çətin oyun olacaq. Komanda şəklində yaxşı hazırlaşacağıq və sonadək mübarizə apararaq maksimum nəticə qazanmağa çalışacağıq".
O, növbəti turda "Karvan-Yevlax"la matçın əhəmiyyətli olacağını deyib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Hər matçda yalnız qələbə haqqında düşünürük. Bu dəfə də elə olacaq. Azarkeşlərin dəstəyi bizim üçün önəmlidir. Onlar 12-ci oyunçudur. Hər matçda dəstəklərini hiss edirik".
Qeyd edək ki, "Kəpəz" növbəti, 27-ci turda səfərdə "Karvan-Yevlax"ın qonağı olacaq. Oyun aprelin 10-da keçiriləcək.