"Güclü rəqiblərlə oyunlar rəsmi görüşlərə hazırlaşmaq baxımından əhəmiyyətlidir". Sport24.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Bakıdakı təlim-məşq toplanışı və keçiriəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O, bu cür toplanışların futzalçıların xeyrinə olacağını söyləyib:
"Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində həyata keçirək. Üç gün ərzində 5 məşq keçməyimiz planlaşdırılıb. Artıq dörd məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni, toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur".
Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:
"Həm Gürcüstan, həm də Qazaxıstan millisi güclü rəqiblərdir. Gürcülər iki ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illərdə ciddi inkişafdadır. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk dördlüyündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar bizim də təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir".
Çalışdırıcı bir həftə ərzində dörd oyun keçirməyin ağırlığına rəğmən, faydalı olacağını qabardıb:
"FIFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışırıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə baxmayaraq mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik".
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.