"Avqustun 10-dan təlim-məşq toplanışına başlamışıq. Bu müddət ərzində bir dəfə ikitərəfli, iki dəfə isə yoldaşlıq oyunu keçirmişik. "Qəbələ" və "Haypers" komandaları ilə qarşılaşmışıq. Heyətimiz əsasən gənc futbolçulardan təşkil olunub". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rakif Əliyev deyib.

 

Mövsümlərarası fasilədə komandanın "sükanı arxasına" keçən mütəxəssis komandanın hazırlıq prosesi və heyətin komplekləşməsi barədə də danışıb:

"Cəmi bir təcrübəli oyunçumuz var. Qalanları hamısı gənclərdir. Ümumilikdə, bu müddətdə keçirdiyimiz məşqlər daha çox seleksiya xarakterli olub. Eyni zamanda komandanın komplektləşdirilməsi prosesini də həyata keçirdik. Bilirsiniz ki, futbolçuları bölgə təmsilçilərinə cəlb etmək o qədər asan deyil. Buna görə də onların sosial və yaşayış şəraitini təmin etmək məqsədilə komandanı otel şəraitinə yerləşdirdik. Gündə üç dəfə qidalanmaları da təmin olunur. Bütün bu işlərin həyata keçirilməsi müəyyən qədər vaxt apardı. Ona görə də hazırlıq prosesinə bir qədər gec başladıq. Mənim də təyinatım nisbətən gec oldu. Buna baxmayaraq, hazırda hazırlıqlarımızı davam etdiririk. Komanda demək olar ki, 60-70 faiz çempionata hazır vəziyyətdədir. Gənc futbolçularla nə dərəcədə uğurlu nəticə əldə edəcəyimizi, komandanın necə çıxış edəcəyini, inşallah, zaman göstərəcək. Birinci Liqada hansı klubun büdcəsi daha çoxdursa, yüksək məbləğli transferlər həyata keçirirsə, həmin komanda rəqiblərlə müqayisədə bir addım öndə olur. Amma bu o demək deyil ki, hansısa futbolçuya dəyərindən ikiqat, üçqat ödəniş etməliyik".

Qeyd edək ki, "Zaqatala" Birinci yeni mövsümün ilk turunda "Mingəçevir"lə üz-üzə gələcək.