"Dinamo" (Zaqreb) akademiyası Avropada öz sistemi və futbolçu yetişdirmə ənənələri ilə seçilən akademiyalardan biridir. Mən də həmin akademiya ilə yaxından tanış olmuşam və oradakı iş prinsiplərinə bələdəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib. 

Hacıyev UEFA Gənclər Liqasının 2026/2027 mövsümündə "Qarabağ"ın U-19 komandasının rəqibi Zaqreb "Dinamo"su ilə bağlı fikirlərini bölüşüb: 

"Kifayət qədər yüksək səviyyəli və sistemli iş qurulub. Bir çox Avropa klublarında çıxış edən xorvatiyalı futbolçuların böyük əksəriyyəti məhz həmin akademiyadan keçib. Bu da onların uzun illər ərzində qurduqları sistemli işin nəticəsidir. Davamlı və sistematik iş aparılır. Düşünürəm ki, "Dinamo" (Zaqreb) ilə keçiriləcək qarşılaşmalar komandamız üçün kifayət qədər yaxşı təcrübə olacaq. Belə oyunlar həm futbolçularımızın səviyyəsini görmək, həm də onların daha güclü rəqibə qarşı özlərini sınamaları baxımından əhəmiyyətlidir. İnanıram ki, hər iki qarşılaşma maraqlı və faydalı keçəcək".

Hacıyev heyətə yeni legionerin cəlb olunması ilə bağlı da məlumat verib:

"Hazırda nigeriyalı Daniel Ariyerini heyətə cəlb etmişik. Artıq onun adını iştirak ərizəsinə daxil etmişik. Yəni bu futbolçunun keçidi ilə bağlı proses başa çatıb və o, heyətdə yer alacaq. Bundan başqa, daha bir legionerlə danışıq aparsaq da, bu gün qarşı tərəfin şərtləri dəyişdi. Bizim üçün əvvəlcədən razılaşdırılan şərtlərin sonradan dəyişdirilməsi qəbulolunmazdı. Bu səbəbdən həmin futbolçu ilə bağlı danışıqlardan imtina etdik. Mövcud heyətlə çempionata və qarşıdakı oyunlara hazırlaşmağa davam edəcəyik".

Qeyd edək ki, mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. "Qarabağ"ın U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.