"Mançester Yunayted" gələn yay müdafiə xəttində ciddi dəyişikliklər etməyi planlaşdırır. Sport24.az "Sun" nəşrinə istinadən xəbər verir ki, klub 2027-ci ildə müdafiənin üç mövqeyinə futbolçu transfer etməyə hazırlaşır. Hazırkı müdafiəçilər isə mövsüm ərzində özlərini sübut etməlidirlər.

Komandanın əsas sol cinah müdafiəçisi Lyuk Şou da gələn yay klubdan ayrıla bilər. 31 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. "Mançester Yunayted" yeni sözləşmə təklif etsə, Şounun həftəlik 200 min funt-sterlinq təşkil edən maaşının azaldılması gündəmə gələ bilər.

Mərkəz müdafiəçiləri Harri Maquayr, Matteys de Liqt və Lisandro Martines də mövsümün sonuna qədər özlərini sübut etməli olacaqlar. Hazırda komandanın vitse-kapitanı olan Maquayrın müqaviləsi 2027-ci ilin yayına qədərdir və klubun əlavə birillik uzatma bəndindən istifadə edib-etməyəcəyi hələ məlum deyil.

De Liqt bel əməliyyatından sonra məşqlərə qayıtsa da, uzun müddətdir meydana çıxmır. Martinesin isə müqaviləsinin müddəti texniki olaraq gələn yay başa çatır. Lakin "Mançester Yunayted"in argentinalı müdafiəçinin sözləşməsini daha bir il uzatması gözlənilir.

Leny Yoro və Ayden Heven uzunmüddətli layihənin bir hissəsi hesab olunur. Sağ cinah müdafiəçiləri Dioqo Dalot və Nussair Mazraui isə gələcəkdə əsas heyətdəki yerləri uğrunda mübarizə aparacaqlar. Hər iki futbolçunun müqaviləsi 2028-ci ilə qədərdir və əlavə birillik uzatma bəndi mövcuddur.