"Premyer Liqanın artıq 3 turu geridə qalıb. Bütün oyunları olmasa da, çoxunu izləmişəm. Fikrimcə, indiki halda komandalar haqqında geniş və qəti fikir bildirmək düzgün deyil". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Əliyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının geridə qalan 3 turunu dəyərləndirib: 

"Cəmi 3 tur geridə qalıb. Ən azı bir dövrə keçməlidir ki, komandaların real gücü, potensialı və mövsüm ərzində hansı hədəflər uğrunda mübarizə apara biləcəyi barədə daha dolğun fikir formalaşdıra bilək. İlk turlarda komandaların qeyri-sabit çıxış etməsi normaldır. Görünən odur ki, bir çox kollektiv həm nəticə, həm də oyun baxımından sabitlik nümayiş etdirə bilmir. Bir görüşdə yaxşı təsir bağışlayan komanda növbəti qarşılaşmada eyni səviyyəni nümayiş etdirə bilmir. Amma bunun səbəblərini də nəzərə almaq lazımdır. Bəzi klublarda yeni baş məşqçi "sükan arxasına" keçib, bəzilərində heyətinin demək olar ki, yarısı dəyişib. Yeni futbolçuların komandaya, məşqçinin oyun fəlsəfəsinə və bir-birlərinə uyğunlaşması müəyyən vaxt tələb edir. Məşqçi üçün də yeni kollektivlə işləmək, futbolçuların imkanlarını daha yaxından tanımaq və optimal heyəti müəyyənləşdirmək asan proses deyil. Məncə, bir məşqçinin komandaya öz oyununu tam şəkildə qəbul etdirməsi üçün ən azı 7-8 oyun lazımdır. Bundan sonra artıq müəyyən cizgilər daha aydın görünməyə başlayır".

Samir Əliyev komandaların formalaşma prosesi barədə fikirlərini bölüşüb:

"Turlar ötdükcə komandanın hansı sistemdə daha rahat oynadığı, hansı mövqelərdə problemlərinin olduğu, futbolçuların bir-birini nə dərəcədə tamamladığı və məşqçinin ideyalarının meydanda nə qədər tətbiq olunduğu daha yaxşı qiymətləndirilə bilər. Ona görə də ilk 3 turdan sonra kiminsə haqqında çox yüksək, yaxud çox aşağı fikirlər söyləmək doğru olmaz. Mövsüm uzundur. Qarşıda kifayət qədər oyun var və komandaların səviyyəsi zaman keçdikcə daha aydın görünəcək. İndi əsas məsələ məşqçilərə və futbolçulara bir qədər vaxt verməkdir. Bir neçə turdan sonra bugünkü mənzərənin tamamilə dəyişdiyinin də şahidi ola bilərik. Fikrimcə, xüsusilə yeni qurulan komandalar üçün nəticədən daha çox nümyiş etdirdiyi oyun vacibdir. Əlbəttə, Premyer Liqada nəticə həmişə vacibdir. Amma uzunmüddətli perspektivdə düzgün oyun modelinin formalaşdırılması və komandanın sabitliyə qovuşması daha önəmlidir. Əgər bu proses düzgün gedirsə, nəticələrin də zamanla gələcəyini düşünürəm".

Qeyd edək ki, Misli Premyer Liqasının 4-cü turuna sentyabrın 4-ü start veriləcək.