"İşimi "Səbail"də müşavir kimi davam etdirəcəyəm. Klubun yeni prezidenti Mirzə Bayrampuru uzun illərdir tanıyıram və onunla münasibətlərimiz həmişə normal, işgüzar olub". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in yeni müşaviri Rahid Əmirquliyev deyib.
Tanınmış futbol funksioneri komandasının növbəti mövsüm üçün hədəflərindən danışıb:
"Sağ olsun, mənə bu vəzifəni təklif etdi, mən də bunu məmnuniyyətlə qəbul etdim. Düşünürəm ki, təcrübəmi və futbol sahəsində topladığım bilikləri klubun inkişafı üçün faydalı şəkildə istifadə edə biləcəm. Yeni mövsümdə əsas hədəfimiz Birinci Liqanın çempionu olaraq yenidən Premyer Liqaya yüksəlməkdir. Bu məqsədə çatmaq üçün artıq heyətin gücləndirilməsi istiqamətində ciddi işlər aparılır. Komandanın daha rəqabətqabiliyyətli olması üçün 3-4 legioner futbolçunun cəlb edilməsi planlaşdırılır. Eyni zamanda, yerli oyunçular arasında da komandaya fayda, qarşıya qoyulan məqsədlərə töhfə verəcək futbolçular varsa, onlarla da danışıqlar aparacağıq. Əsas məqsədimiz balanslı, iddialı və nəticə verə biləcək heyət formalaşdırmaqdır".
Qeyd edək ki, Rahid Əmirquliyev uzun illər Azərbaycan millisinin formasını geyinib. O, karyerası ərzində "Xəzər Lənkəran", "Qarabağ", "Səbail" kimi klubların şərəfini qoruyub.
Onu da xatırladaq ki, Əmirquliyevin "Səbail"də fuunksioner kimi çalışacağını ilk olaraq Sport24.az xəbər verib.