İtaliyanın "Yuventus" klubu "Tottenhem"in qolkiperi Qulyelmo Vikarionun transferinə bir addım da yaxınlaşıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
28 yaşlı qolkiper məşq zamanı yüngül zədə aldığı üçün "Tottenhem"in Yeni Zelandiya və Avstraliyaya turnesinə aparılmayacaq. Bu vəziyyət isə Turin təmsilçisinin transfer danışıqlarını sürətləndirməsi üçün əlverişli şərait yaradıb.
Bildirilir ki, "Yuventus" uzun müddətdir Vikarionu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Klubun ilk hədəfi Emiliano Martines olsa da, "Aston Villa"nın yüksək tələbləri səbəbindən diqqət yenidən italiyalı qapıçıya yönəlib.
"Qoca sinyora"nın "Tottenhem"ə satınalma hüququ ilə icarə təklifi etməyi planlaşdırdığı vurğulanır. Lakin London klubunun bu təklifə necə yanaşacağı hələlik məlum deyil. Bu məsələdə digər klubların marağı da həlledici rol oynaya bilər.