"Mövsümün ilk oyununda "Xankəndi" ilə qarşılaşmada gözlənilmədən xal itirdik. Yaxşı ki, sonradan toparlanaraq növbəti iki matçda qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in futbolçusu Rahid Əmirquliyev deyib.

37 yaşlı yarımmüdafiəçi komandasının I Liqada geridə qalan 3 turda çıxışını dəyərləndirib:

"Mövsüm uzun marafondur və bundan sonrakı görüşlərdə də qələbələr qazanmağa çalışacağıq. Heyətdə yer alan futbolçuların potensialı buna imkan verir. Birinci liqada kifayət qədər yaxşı komandalar var. Bizdən başqa "Şahdağ Qusar", "Karvan-Yevlax" və MOİK kimi kollektivlər də çempionluğa oynayırlar. Bununla yanaşı, çempionluq iddiası olmayan klublar da layiqli oyun nümayiş etdirirlər. Mövsümün əvvəlidir, ola bilər ki, bəzi komandalar hələ tam hazır vəziyyətdə deyillər. Milli fasilədən də yetərincə istifadə etmişik. Sadəcə, fasilənin uzun olması müəyyən mənada əks təsir göstərə bilər. Artıq iki yoxlama görüşü keçirmişik, bu oyunlarda komanda pis təir bağışlamayıb".

Qeyd edək ki, "Səbail" Birinci Liqada 3 turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb.