"Qarabağ"ın futbolçusu Pedro Bikalyo Macarıstan klubunun diqqət mərkəzindədir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Ferentsvaroş" 25 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.
Cari mövsüm avrokuboklarda məğlubiyyətə uğramayan Macarıstan təmsilçisi Bikalyonu heyətinə qatmaqda israrlıdır.
Belə ki, klub ötən mövsümün sonunda agentlər vasitəsilə futbolçunun durumunu öyrənib. Lakin "Qarabağ"ın tələb etdiyi məbləği ödəyə bilməyəcəyini nəzərə alan "Ferentsvaroş" rəsmi təklif göndərməyib.
Buna baxmayaraq, Macarıstan klubu qış transfer pəncərəsində "köhlən atlar"ın qapısını yenidən döyməyə hazırlaşır.
Qeyd edək ki, 2025-ci ildən "Qarabağ"da çıxış edən Pedro Bikalyonun Ağdam təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.